Türkiyədə törədilmiş növbəti qadın qətli xalqın ciddi narazılığına səbəb olub

24 Avqust 2019 04:38 (UTC+04:00)
Türkiyənin Kırıkkale şəhərində dörd il əvvəl boşandığı əri tərəfindən 10 yaşlı qızının gözü qarşısında qətlə yetirilən Emine Bulutun məsələsi əhali arasında böyük narazılığa səbəb olub. SİA xəbər verir ki, avqustun 18-də törədilmiş cinayətin videogörüntülərində keçmiş həyat yoldaşı tərəfindən boğazı kəsilən 38 yaşlı qadının "Ölmək istəmirəm", qızının isə "Ana, nə olar ölmə" sözləri təsirsiz ötüşməyib. Cinayəti törədən 43 yaşlı Fədai Baran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fahrettin Altun cinayət əməli ilə bağlı açıqlama verərək Prezident Rəcəb Tayyib Ərdoğanın da baş vermiş hadisədən sarsıldığını, dövlət başçısının aidiyyəti qurumların lazımi tədbirlər görəcəyinə əmin olduğunu bildirib. Türkiyənin Ailə, İş və Sosial Xidmətlər Nazirliyi də cinayətlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, hazırda E.Bulutun on yaşlı qızına psixoloji dəstək göstərilir. Qeyd edilib ki, cinayətkarın ən ağır formada cəzalandırılması üçün nazirlik tərəfindən iki hüquq müşaviri ayrılıb. Türkiyənin siyasi, elm, incəsənət xadimləri, idmançılar, eləcə də əhali ictimai və sosial media hesablarından hadisəyə etirazlarını bildirərək cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər. Hadisəyə etiraz əlaməti olaraq futbol üzrə Türkiyə Superliqasının və Birinci Liqanın bu həftə keçiriləcək qarşılaşmaları bir dəqiqə gec başlayacaq.