"Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər"

23 Avqust 2019 15:36 (UTC+04:00)

Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən aktiv istifadə etməsinin vacibliyindən danışıb.

Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu öndərin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir.

Ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən birinin dini radikalizm olduğunu qeyd edən Komitə rəsmisi bunun yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlığın, yad dini ideologiyaların yayılması cəhdlərini göstərib. O, dini ekstremizm və dini radikalizmlə mübarizədə və bu kimi mənfi halların yayılmasında sosial şəbəkələrin roluna toxunub.

Sosial medianın vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biri olduğunu deyib. Sədrin birinci müavini diqqətə çatdırıb ki, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edirlər.

S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür. Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməlidirlər. Sədrin birinci müavini din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və aktivlik nümayiş etdirməyə çağırıb.