Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub

23 Avqust 2019 13:09 (UTC+04:00)

Dövlət Bayrağı Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. SİA-nın xəbər verir ki, bu fikirlər Dövlət Bayrağı Muzeyinin yaradılmasınını beş illik yubileyi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə muzeyin direktoru Rəmzi Hüseynov çıxış edərək bildirib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Eyni zamanda, muzeyin ekspozisiyasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları sərgilənir.

Vurğulanıb ki, muzey muxtar respublikaya gələn qonaqların ən çox üz tutduğu ünvanlardan biridir.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İcra Katibliyinin əməkdaşı Elvin Əliyevin və Cəmşid Naxçıvanskinin Ev Muzeyinin direktoru Abasət Nuriyevin çıxış ediblər.

Sonda muzeyin ekspozisiyasına baxış olub.