Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı təlim başa çatıb

23 Avqust 2019 12:41 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün ikigünlük təlim keçirilib. Dövlət Agentliyindən bildirilib ki, təlimin ilk günündə agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə icbari tibbi sığortanın Şərur rayonunda 2019-cu il iyunun 1-dən tətbiq olunmağa başlandığını bildirib. Qeyd edilib ki, təlimin keçirilməsində məqsəd Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarında çalışan tibb işçilərini icbari tibbi sığortanın tətbiqi qaydaları, bununla bağlı klinik protokollara uyğun tibbi xidmətlərin təşkili, agentliyə təqdim olunacaq hesabatların forması, hazırlanması və təqdim edilməsi qaydaları barədə məlumatlandırmaqdır.

Agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Babayeva sığortaolunanın tibb müəssisəsi tərəfindən qəbul edilməsi və qeydiyyatının aparılması haqqında məlumat verib. Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli “Aylıq hesabatların tərtib və təqdim olunma qaydalarının izah edilməsi”, Maliyyə və təsərrüfat sektorunun müdiri Nicat Əsgərov “İcbari tibbi sığortanın maliyyələşmə formaları və nümunəvi hesabat formalarının təqdim edilməsi” mövzularında slaydlar vasitəsilə ətraflı məlumat veriblər. Sonra tibb işçiləri ilə birlikdə mövzular müzakirə edilib.

Növbəti gün isə agentliyin əməkdaşları Təranə Babayeva “Agentlik əməkdaşları ilə xəstəxana işçilərinin qarşılıqlı iş prinsipləri, göndərişlərin yazılması və qeydiyyatının aparılması, icbari tibbi sığortanın prinsipi, məqsədi, əhaliyə göstərdiyi xidmətlər”, Çilənay Qurbanlı isə “İcbari tibbi sığortada klinik protokollara uyğun tibbi xidmətlərin təşkili” mövzularında slaydlar vasitəsilə məlumat veriblər.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.