Ermənistanın Azərbaycana daha bir “jest"i
18 Fevral 2011 20:26 (UTC+04:00)
Ermənistan "Eurovision 2011" mahnı müsabiqəsinə təmsilçisinin ifa edəcəyi mahnı seçimini 26 fevral tarixində müəyyən edəcək. Bu tarix isə Azərbaycan xalqının qan yaddaşına həkk olunub. Çünki məhz 26 fevral tarixi Xocalı soyqırımı gününə təsadüf edir. SİA erməni mətbuatına istinadən verdiyi məlumata görə, bundan əvvəl isə seçimin 19 fevralda baş tutacağı elan edilmişdi. Ermənistanın qəfil qərar verməyinin səbəbi məlum məsələdir.
Qeyd edək ki, tamaşaçılar və münsiflər heyətinə 4 mahnı təqdim ediləcək. Seçiləcək mahnı Emmi və Miqran tərəfindən Dyüsseldorfda ifa ediləcək. Mahnını televiziya tamaşaçıları və münsiflər heyəti 50/50 nisbətində seçəcəklər.
Məlumat üçün xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.