"Neftçi" futbol klubu bəyanat yayıb. Klubun saytında yer alan məlumata görə, bəyanatda deyilir: "Bu mövsüm Avropa Liqasındakı son oyunumuzda uğursuz nəticə həm bizi, həm də azarkeşlərimizi çox məyus edib. Bu səbəbdən azarkeşlərimiz tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayır.
Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar klub rəhbərliyi futbolçu ilə görüşüb, ciddi söhbət aparılıb və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atılıb. Həmçinin futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb. Klubda gedən hər bir proses nəzarət altındadır. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdur. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonacan döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdır! Azarkeşlərimizi bizimlə bir güc olmağa səsləyirik.