Almaniyada Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

18 Fevral 2011 19:28 (UTC+04:00)
26 fevral tarixində Alman-Azərbaycan Mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan, türk, yəhudi və digər icmaların 50-dək nümayəndəsi iştirak edəcək.

Tədbirdə Almaniyanın Xristian Demokrat İttifaqı partiyasının üzvü S.Springer və Global DEVELOPMENT GMBH-ın direktoru Aleksandr Mishalcukun Xocalı soyqırımı ilə bağlı çıxış edəcəkləri gözlənilir. Bundan əlavə, yığıncaqda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq.

Alman-Azərbaycan Mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə daha bir tədbir 19 fevral tarixində Almaniyanın Şenebek şəhərində baş tutacaq. Şenebek şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş boks və kikboks turnirləri keçiriləcək.