Azərbaycan dövlətçiliyinin mühafizəsi müqəddəs vəzifədir

22 Avqust 2019 18:44 (UTC+04:00)

23 avqust Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür

Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin, respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir.

Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1993-cü il avqustun 23-də yaradılan Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi Ulu Öndərin 2002-ci il 6 may tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti adlanmışdır. Xidmətin 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə mühafizə işinin yüksək peşəkarlıqla təşkil edilməsində mühüm xidmətləri olmuşdur. Ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir vaxtda xidmətin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi işlərdə yüksək sadiqlik nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə deyirdi: "1990-cı illərin ortalarında Milli Qvardiya və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Ulu Öndəri qorudular. Beləliklə, Azərbaycanda sabitliyi, dövlətçiliyin əsaslarını, müstəqilliyimizi qorudular. Azərbaycanın uğurlu inkişafını təmin etdilər".

Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz ixrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərlərinin ölkəmizdən keçən hissələrinin mühafizəsini uğurla təşkil edir.

XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏYƏ YÜKSƏLİR

Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin martında qurumun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirakı onun işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən TETRA rabitə sistemi ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilmişdir. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulmuşdur. Mərkəzdə dövlət orqanlarının internet, informasiya resurslarının operativlik və təhlükəsizlik tələblərinə cavab verən TETRA radiorabitə sisteminin, AZSTATENET şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci il iyulun 4-də qurumun Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Ən müasir tibbi avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi həm xidmətin, həm də Milli Qvardiyanın əməkdaşlarının sağlamlığının qorunması istiqamətində atılan mühüm addım olmuşdur.

Dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzi dünya standartlarına uyğun və müasir hərbi kompleks olmaqla, öz xüsusiyyətləri ilə regionda seçilir. Burada regionda, ilk dəfə olaraq, interaktiv atıcılıq tiri yaradılmışdır. Bu infrastruktur şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etmək vərdişlərinə yiyələnməyə kömək edir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir.

MÜHAFİZƏNİN İŞİ DAHA da TƏKMİLLƏŞDİRİLİR

Şanlı döyüş yolu da keçən Xüsusi Dövlət Mühafizə Xidməti ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər vermişdir. Bu barədə dövlətimizin başçısı demişdir: "Milli Qvardiyanın Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olmuşdur. Qvardiya yaradılan günlərdən Azərbaycana təcavüz edən erməni qəsbkarlarına qarşı döyüşlərə başlamışdır. Çox böyük cəsarətlə, şücaətlə vuruşmuşdur, şəhidlər vermişdir və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qorumuşdur".

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsinə, müasir tələblərə cavab verən təlimlərin keçirilməsinə, yüksək peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirməklə ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik şəxsi heyəti öz fəallığı ilə seçilir.

Bu gün peşə bayramlarını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları bayram sevincini ikiqat yaşayırlar. Belə ki, dövlət başçısının sərəncamları xidməti vəzifələrini yerinə yetirərkən, fərqləndiklərinə görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin bir neçə hərbi qulluqçuları və mülki işçiləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Tərəqqi" medalı və s. ilə təltif ediliblər. Bu, onların əməyinə verilən dövlət qiymətidir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq, Azərbaycan dövlətçiliyinin və dövlətimizin başçısının etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.

Zümrüd BAYRAMOVA