YAP-da “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” adlı konfrans keçirilib -FOTOLAR

22 Avqust 2019 17:32 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov hazırda ölkəmizin möhtəşəm inkişaf dövrünü yaşadığını bildirib. Azərbaycanın dünyanın ən uğurlu gənc dövlətlərindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, ölkəmiz heç vaxt indiki kimi güclü, qüdrətli, sabit, əminaman olmayıb. Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malik olan ölkədir və dünyada baş verən proseslərdə fəal iştirak edir, mövqeyini ortaya qoyur.

Baş nazirin müavini həmçinin deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. O söyləyib ki, Azərbaycanda mültikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. İndiki halda, dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi zamanda mədəniyyətlərarası dialoqa töhfələr verilməsi, multikulturalizm ideyasının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri birmənalı şəkildə etiraf edirlər. Bunun aydın ifadələrindən biri də mütəmadi olaraq bu mövzuda nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsindən ibarətdir.

YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə Heydər Əliyev Fondu çox ciddi dəstək verir. Onun sözlərinə görə, Fond yarandığı vaxtdan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir və bu sahədə ilk təşəbbüslərin və addımların atılmasında mühüm rol oynayıb.

Konfransın çox əlamətdar gün ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, avqustun 26-da Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Baş nazirin müavini bildirib ki, sivilizasiyalarası dialoqun təbliğ olunmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Əli Əhmədov Mehriban xanım Əliyevanı öz adından və YAP-ın çoxsaylı üzvləri adından təbrik edərək deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında Mehriban xanımın rolu və xidmətləri böyükdür. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın uğurlar qazanmasında Mehriban xanım Əliyevanın özünəməxsus rolu və əməyi var: “O, Azərbaycanda birinci xanım obrazının yaranmasında və bu missiyasının uğurla həyata keçirilməsində müstəsna xidmətlər göstərib. Eyn zamanda, Mehriban xanım Birinci vitse-prezident kimi yüksək səviyyədə fəaliyyət göstərir və dövlət siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Bununla yanaşı, müasir Azərbaycanın siyasi proseslərində iştirak edən qadın obrazı da Mehriban xanımın timsalında və fəaliyyətində özünü aydın şəkildə ifadə edir. Məmnunluqla demək istəyirəm ki, YAP-ın nailiyyətlərində də Mehriban xanım Əliyevanın fəaliyyəti əhəmiyyətli rol oynayır. O həmçinin Azərbaycanı dünyada layiqincə təmsil edir, həqiqətlərimizi təbliğ edir, bir sıra beynəlxalq təşkilatların elçisidir. Hesab edirəm ki, bundan sonra da Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.

Tədbirdə daha sonra mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov və Azərbaycanın Xalq artisti, professor Mənsum İbrahimov çıxış edərək Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb, onun ictimai fəaliyyəti, sivilizasiyalararası dialoqa, eləcə də, milli mənəvi dəyərlərimizin qorunmasında və dünyada təbliğ olunmasında verdiyi töhfələr xüsusi vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partisaının təbrik videoçarxı təqdim olunub.