Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb

22 Avqust 2019 15:24 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasında beynəlxalq audit başa çatıb və ISO 15189:2012 “Tibbi laboratoriyalar. keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğunluğu təsdiqlənib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin martında start verilib. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan “Sublime Management Services LLC” dəvət olunub.

Akkreditasiyanın məqsədi laboratoriyada xəstələrə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiqləməkdir. Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və xəstələrin məmnunluğuna zəmanət verəcək.

Mərkəzi Gömrük Hospitalının kliniki-diaqnostik laboratoriyasının akkreditasiyası onun səlahiyyətliliyini və keyfiyyətli tibbi xidmət təqdim etmək imkanlarını təsdiqləyir. Bu zaman keyfiyyətli işin təşkili və daim yaxşılaşmağa yönəldilmiş idarəetmə sisteminin fəaliyyəti də tam təmin edilir. Bu məqsədlə daxili auditlər, işdə uyğunsuzluqların aşkarlanması və onlara nəzarət, xəbərdaredici tədbirlərin aparılması nəzərdə tutulub.

Hospitalın laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laboratoriyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.