Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

22 Avqust 2019 12:43 (UTC+04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) 2019-2020-ci tədris ili üzrə ali məktəbə qəbul planı birinci turdan 100 faiz dolub. BANM-dən SİA-ya bildiriblər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr etdirilmiş “Abituriyent” jurnalının IV nömrəsinə əsasən, bu ali məktəbin bütün ixtisasları üzrə elan etdiyi yerlərin hamısı tutulub.

Bu il BANM-ə 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib.

Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının hər birinə dövlət sifarişli 45 yer, ödənişli əsaslarla 10 yer ayrılıb. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə dövlət sifarişli 40 yer, ödənişli əsaslarla 10 yer, informasiya təhlükəsizliyi ixtisası üzrə isə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla 10 yer müəyyən olunub.

Qeyd edək ki, ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi (673,5 bal), proseslərin avtomatlaşdırılması mühəndisliyi (657,8 bal) ixtisasları növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslar olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarında təhsil ingilis dilində əyani formada, müsabiqə Azərbaycan və rus bölmələri üzrə aparılır.