"Texnoloji müharibədə döyüşmək hər bir Azərbaycan vətəndaşının borcudur” RƏY-ÖZƏL

22 Avqust 2019 11:06 (UTC+04:00)

“Sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan kampaniyalar bütövlükdə Azərbaycana qarşı aparılan texnoloji müharibədir. Bu müharibəni maliyyələşdirən, saxta və ya qəsdən dəyişdirilmiş informasiyalar ilə təmin edənlər Azərbaycanın müstəqilliyini, regionda mövcudluğunu, güclü və firavan olmasını istəməyən qüvvələrdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, ümumiyyətlə, bu qüvvələrin əsas məqsədi nəinki dövləti, bütövlükdə hakimiyyəti, sağlam müxalifəti, ziyalıları, parlament üzvlərini gözdən salmaq və beləliklə də ölkədə sağlam inkişaf mühitinin güclənməsini imkan verməməkdir.

T. Mirkişili söyləyib ki, bu prosses ən müxtəlif və müasir texnologiyalar ilə aparılır, xeyli maliyyə vəsaiti xərclənir, digər ölkələrlə sınaqdan çıxmış dağıdıcı texnoloji və psixoloji alətlərdən istifadə olunur: “Bu texnoloji müharibədə döyüşmək, mübarizə apararaq bu qüvvələrin istəyinə, az da olsa, nail olmalarına imkan verməmək hər bir Azərbaycan vətəndaşının borcudur”.

Deputat əlavə edib ki, texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq.