Azərbaycanda multikulturalizm və tolerantlıq yeni mərhələdədir

21 Avqust 2019 17:41 (UTC+04:00)

Azərbaycan müstəqillik illərində, dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq, dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma və milli həmrəylik şəraitində yaşamaları üçün hər cür təminat verilib. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı, ilk növbədə, çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın, dünyaya tolerantlıq nümunəsi olaraq, daha geniş tanıdılmasının vacibliyini, eləcə də, ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi.

Dövlət tərəfindən multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın, dünyaya tolerantlıq nümunəsi olaraq, daha geniş tanıdılması istiqamətində həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə reallaşan tədbirlər dünya dövlətləri üçün nümunəyə çevrilib. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşaması üçün hər cür təminat verilib. Ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir.

"ÖLKƏMİZDƏ YAŞAYAN MÜXTƏLİF XALQLARA ÖZ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİ, DİNİ ETİQADINI, ADƏT-ƏNƏNƏLƏRİNİ QORUYUB-SAXLAMAQ, DİL VƏ MƏDƏNİYYƏTİNİ İNKİŞAF ETDİRMƏK ÜÇÜN DEMOKRATİK ŞƏRAİT TƏMİN EDİLMİŞDİR"

Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. Ölkəmizdə qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən, müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları hər kəsə bəllidir. Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə, Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təqdim edir. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".

"YƏHUDİ İCMASI AZƏRBAYCANDA HƏMİŞƏ ƏMİN-AMANLIQ ŞƏRAİTİNDƏ YAŞAMIŞ VƏ MƏDƏNİYYƏTİNİ, ADƏT-ƏNƏNƏLƏRİNİ QORUYUB-SAXLAMIŞDIR"

Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca, Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 2010-cu ilin oktyabrında isə, Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli təhsil kompleksi ən müasir tələblər səviyyəsində istifadəyə verilmişdir. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyətinin əsasları tədris olunmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Ölkəmizin bütün xalqları, o cümlədən, yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub- saxlamışdır. Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq, ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir".

Təsadüfü deyil ki, bu günlərdə Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə 800-dən çox yəhudi iştirak edib. Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə

getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən, yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının çox təqdirəlayiq hal olduğunu qeyd edib. Nə tarix boyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Görülən işlər, bir daha təsdiqləyir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm - alternativi olmayan həyat tərzinə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI