Fevralın 17-də "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı müəssisəsinin açılış mərasimində muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilmiş, onlara güzəştli kreditlər verilib.
SİA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib ki, mövcud dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri inkişaf etdirilmədən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyildır. Bu amil əsas götürülərək ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyəti diqqət mərkəzində saxlanır.
Ali Məclisin sədri sahibkarlara tövsiyə edib ki, öz fəaliyyətlərində şəffaflığı təmin etsinlər, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanmasına, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nail olsunlar. İşçilərlə işəgötürənlər arasında əmək müqavilələri bağlanarkən muxtar respublika üzrə orta aylıq əməkhaqqı mütləq nəzərə alınmalıdır.
Ali Məclisin sədri Azərbaycanın, muxtar respublikanın gələcək inkişafı naminə sahibkarlarımızdan məhsuldar və səmərəli fəaliyyət gözlədiyini bildirmiş, onlara işlərində uğurlar arzulayıb.
Ali Məclisin sədri yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün 9 sahibkara kreditlərin çeklərini təqdim edib.
Ümumilikdə sahibkarlara 3 milyon 385 min manat dəyərində kreditlər verilib. Bu kreditlər minik, yük avtomobillərinə və avtobuslara texniki xidmət müəssisəsinin, penoplast lövhələrin, alma sirkəsi, qazsız mineral su istehsalı sahələrinin, ətlik və yumurtalıq istiqamətində quşçuluq, heyvandarlıq təsərrüfatlarının, istixana kompleksinin yaradılmasına, ət məhsulları istehsalı sexi üçün yeni avadanlığın alınmasına, yaradılmış yumurtalıq istiqamətində quşçuluq təsərrüfatında avtomatlaşdırılmış sistemin qurulmasına sərf ediləcəkdir.
Sonra "Biznesdə uğur-2010" mükafatları təqdim olunmuşdur. "İlin şirkəti" nominasiyasında "Naxçıvan Avtomobil Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musa Abdullayevə, "İlin ixracatçısı" nominasiyasında fiziki şəxs Sabir Məmmədova, "İlin məhsulu" nominasiyasında "Təchizat" Açıq Tipli Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Arzu Dünyamalıyevə, "İlin sahibkarı" nominasiyasında fiziki şəxs Abbas Əhmədova qiymətli hədiyyələr verilib.