Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza məlumat verib. O bildirib ki, görüş martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində olacaq. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər. Eyni zamana M. Brayza Azərbaycanda səfir kimi prioritetlərini açıqlayıb. O qeyd edib ki, ABŞ Azərbaycana təhlükəsizlik, enerji, demokratik islahatlar sahəsində kömək etməkdə davam edəcək: ""Mən Azərbaycana gələndə prezident Barak Obama və dövlət katibi Hillari Klinton bir daha öz fikirlərini bildirdilər ki, Azərbaycanla əlaqələri ABŞ üçün çox mühüm hesab edirlər. Onlar Azərbaycanın ABŞ üçün önəmini bir daha vurğuladılar".
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir qeyd edib ki, bu münaqişəni ancaq sülh yolu ilə həll etmək mümkündür: "Ümid edirəm ki, bu konflikt həll ediləcək. Münaqişənin sülh yolu ilə həlli bütün bölgəyə sabitlik gətirəcək. Həm də bu regionun strateji əhəmiyyətini daha da artıracaq".
Səfir eyni zamanda ABŞ dövlət departamentinin terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlığına da münasibət bildirib: " Biz Azərbaycan hökumətinin antikorrupsiya sahəsində təşəbbüsünü dəstəkləyirik. Bu təşəbbüsü davam etdirmək və dərinləşdirmək üçün ABŞ Azərbaycana dəstək verməyə hazırdır. Mən bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyim görüşdə bir sıra məsələləri, o cümlədən Azərbaycanda terror təhlükəsi ehtimalı barədə müzakirələr apardıq. Bu görüş dostluq və səmimiyyət şəraitində keçdi. Biz terror ehtimalı ilə bağlı məlumat verən mənbəni açıqlamırıq. Amma əgər terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlıq etmişiksə, bu o deməkdir ki, məsələ çox ciddidir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı bizə göstərdiyi dəstəkdən çox məmnunuq".