Mexikoda etirazçıların polislə toqquşması zamanı xeyli iğtişaşçı yaralanıb

18 Avqust 2019 07:19 (UTC+04:00)
Meksikanın paytaxtı Mexikoda etiraz aksiyası zamanı polislə toqquşma zamanı 30-dan çox iğtişaşçı yaralanıb. SİA-nın "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə meqapolisin İctimai Təhlükəsizlik Nazirliyi rəsmi "Twitter" səhifəsində məlumat verib. Yürüşdən sonra təcili tibbi yardım xidməti tərəfindən 13 yaralı, eləcə də 13 polis, 2 mülki şəxs və 1 yanğınsöndürən xəstəxanaya çatdırılıb. Digər 18 nəfər isə yüngül xəsarət alıb. Yürüşdə 3,5 minə yaxın qadın iştirak edib. Onlar aqressiv şəkildə ictimai nəqliyyatın qarşısını kəsib, binaların divarlarını təhdid və təhqirlər dolu sözlərlə boyayıb. İlkin ehtimala görə, şəhər küçələrinə dəymiş ziyan 1 milyon pesonu (təqribən 50 min dollar) keçib. Qeyd edək ki, iğtişaşçıların əsas tələbi avqustun əvvəlində azyaşlıya qarşı təcavüzdə adı hallanan polislərin ittiham edilməsidir. Faktla bağlı istintaq aparılsa da bu günə qədər heç kim mühakimə olunmayıb.