Zamanın nəbzini tutan istedadlı rəssam

17 Avqust 2019 09:51 (UTC+04:00)

Kənan Qərib: “Bu günkü zaman tələb eləyir ki, rəssam çox savadlı olmalı və dövrün, zamanın nəbzini tutmağı bacarmalıdı”

Kənan Qərib Qəribli. Bu ad artıq bir neçə ildir ki, Azərbaycan oxucularına yaxşı tanışdır. Çünki bir neçə ildir ki, Kənan Qəribin Türkiyə Respublikasında yaşayan azərbaycanlı ədəbiyyat və incəsənət xadimlərilə bağlı yazdığı yazılar Azərbaycan mətbuatında geniş çap olunun və həm də Kənan Qəribin çəkdiyi rəsm əsərləri haqqında da mətbuatımızda bir neçə dəfə maraqlı ressenziyalar, portret yazıları çap olunub. Kənan Qərib, tanınmış aktyor, rejissor, maraqlı yazıçı və rəssamlıqla məşğul olan Şahmar Qəriblinin oğludur. Şahmar Qəribli 2018-ci ilin fevral ayının 16-da haqq dünyasına qovuşub.

O, 1952-ci ilin fevral ayının 13-də anadan olmuşdu. 66 il 3 gün ömür sürən Şahmar Qərib oğlu Qəribli teatr və kino sahəsində həm aktyor və həm də rejissor kimi Azərbaycan teatr tarixinə düşən çoxlu maraqlı işlər gördü, amma sağlığında öz haqqını ala bilmədi… Bizim, burnunun ucundan uzağı görə bilməyən mədəniyyət sahəsinə rəhbərlik edən məmurlarımız onun əməyini qiymətləndirmək üçün fəxri ada təqdim etmədilər... Beləliklə, o, sağlığında öz qiymətini ala bilmədi. Bu da bizim milli faciəmizdi ki, insanlarımıza sağlığında qiymət verməyi bacarmırıq... Şahmar, həm də maraqlı hekayələr, povestlər, pyeslər, kinossenarilər yazırdı. Belə bir istedadlı insanın ailəsində dünyaya gələn Kənan Qərib Qəribli də fitri istedadlı uşaq kimi Sumqayıt şəhərində təhsil aldığı 28, 11 nömrəli tam orta məktəblərdə və Nizami Gəncəvi adına Təbiət elmləri təmayüllü liseydə dərslərini yaxşı oxumağına və maraqlı rəsm əsərləri çəkdiyinə görə az bir vaxtda müəllimlərin sevimlisi olub.

Uşaq yaşlarında olanda hamımız elə fikirləşirdik ki, Kənan Qərib Qəribli böyüyəndə aktyor olacaq. Çünki hələ məktəbdə oxuduğu illərdə bir neçə televiziya filmlərində çəkilən və teatr tamaşalarında maraqlı rollar oynayan Kənan Qərib Qəribli özünün fitri istedadı ilə gələcəkdə maraqlı aktyor olacağını sübut eləyirdi. Hətta mənim və atası Şahmarın Hüseyn Ərəblinsiki adına Sumqatıt Dövlət Musiqili-Dram Teatrında quruluş verdiyimiz bir neçə tamaşada uşaq rollarında maraqla çıxış eləyirdi. Amma orta məktəbi bitirən Kənan Qərib, Azərbaycan Kooperasiyasiya Universitetinin beynəlxalq ticarət fakültəsində təhsil aldı. Ali məktəbi əla qiymətlərlə bitirsə də məmləkətimizdə öz sahəsi üzrə layiqli iş tapa bilməyən Kənan Qərib, məcbur olub Türkiyə Respublikasına işləməyə getdi. Belə bir savadlı mütəxəssisi də orada tez bir vaxtda işlə təmin etdilər. Avqust ayının 17-də 35 yaşı olan Kənan Qərib bu gün İstanbul şəhərində böyük bir təşkilatın beynəlxalq ticarət işinə rəhbərlik edir. O, lap uşaq yaşlarından rəssamlıq sənətilə məşğul olduğuna görə həm də rəssam kimi çox maraqlı rəsm əsərləri çəkir. Türkiyədəki və Azərbaycandakı mütəxəssislər deyir ki, Kənan Qərib özünün heç bir rəssama bənzəməyən orijinal üslubunu yaratmaq istəyir.

Kənan Qərib 15 günlüyə Azərbaycana gəlmişdi. Avqust ayının 07-də onun toyu oldu. Maraqlı dirijor, musiqi müəllimi Dünyaxanım Mehdiyeva ilə ailə həyatı qurdu. Onlar uşaq yaşlarından bir yerdə böyümüşdülər. Bir-birilərini yaxşı tanıyırdılar. İnanırıq ki, çox mehriban və hamının həsəd apardığı ailə həyatları olacaq. Kənan Qərib atasının 47 illik dostu kimi ilk öncə mənimlə görüşdü. Biz, onunla həmsöhbət olduq.

- Kənan Qərib, necə oldu ki, sən həm beynəlxalq ticarət işində və həm də rəssam kimi artıq Türkiyədə sənət adamları arsında belə tez sevildin və portretlərini çəkdiyin insanlar sənə gələcəyin çox maraqlı rəssamı kimi baxırlar?

- Bu, ilk öncə ailədən gəlir. Çünki siz bilirsiniz ki, atam Şahmar təkcə aktyor, rejissor, yazıçı deyildi. O, həm də həvəskar rəssam idi. Maraqlı rəsm əsərləri çəkirdi. Yəqin elə buna görə də bacım Nərgiz bu gün Türkiyədə cavan şair və nasirlər arasında öz yerini tapmağa çalışır və artıq yazıçı kimi öz sözünü deyir. Onun yazdığı şeirlər, hekayələr və dünya xalqlarından etdiyi tərcümə əsərləri Türkiyə mətbuatında tez-tez çap olunur və sevə-sevə oxunur. Yəqin mənə də atamdan aktyorluq və rəssamlıq sahəsi nəslən keçib. Amma onu da vurğulayım ki, bu iki sahə hər ikisi çətin olduğuna görə atam istəmirdi ki, mən aktyor və rəssam olum. Hətta altıncə sinifdə oxuyanda bizə biologiya müəlliməmiz ev tapşırığı vermişdi. Hüseyrələrin şəkilini çəkmək. Mən də çəkib gətirdim. Müəllimə dedi ki, “mənə lazımdı şəkili sən özün çəkəsən. Sən isə atana çəkdirib gətiribsən”. Dedim ki, özüm şəkmişəm. İnanmadı. Dedi ki, “əgər özün çəkibsənsə sübut elə. İndi mən sənə başqa bir tapşırıq verəcəm, görüm özün çəkibsən ya yox. Keç arxa partada otur və bu şəkili dərsin axırına kimi çək”. O, mənə daha çətin bir tapşırıq verdi. Mən də oturub 15-20 dəqiqəyə həmin şəkili çəkdim. Müəllimə çəkdiyim şəkilə baxıb mat qaldı və məndən üzr istədi. Dedi ki, sənə bundan sonra rüblüyə beş qiymət yazacam. Sonra müəllimə mənə biologiya ilə bağlı sifarişlər verdi ki, plakat formasında şəkillər çəkib gətirim. Mən də böyük həvəslə onları çəkib gətirdim. Mən, bundan daha da ruhlanaraq, anam Lətifə xanımın rəsm əsərini çəkdim. Atama göstərdim. O, dedi ki, “rəssamlıq çətin, ağır, məşəqqətli sənətdir. Çalış bu sahə ilə məşğul olma. Mənim arzum səni hüquqşunas, ya da iqtisadçı görməkdir”. Amma daxilimdə bir səs və inadkarlıq deyirdi ki, “sən bu sənətdən ayrılma”. Elə həmin vaxtı atamdan gizlin Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət evinə gedib rəsm dərnəyinə yazıldım. Orada rəssamlıq sənətinin sirrlərini öyrənməyə başladım. Artıq 7-ci sinifdə oxuyanda məktəbdə hamı məni rəssam kimi tanıyırdı. O vaxtı da mən Sumqayıtda məşhur pedaqoq, Əməkdar müəllim Minarə Tahirovanın rəhbərlik etdiyi Nizami Gəncəvi adına Təbiət elmləri təmayüllü liseydə təhsil alırdım. Sonra da 9-11-ci sinifləri Əməkdar müəllim Ofelya Babayevanın direktoru olduğu 11 nömrəli tam orta məktəbdə oxumuşam. Orada da mənə hamı gələcəyin rəssamı kimi baxırdı. Çünki burada da mən çoxlu rəsm əsərləri çəkirdim. Mədəniyyət evindəki rəssamlıq dərnəyində də əsasən qara qələmlə işləməyi, kölgələri necə yaratmağı və məşhur rəssamların həyatını müəllimlərimdən böyük həvəslə öyrənirdim. Onların iş üslubları ilə yaxından tanış olurdum.

- Bəs orta məktəbi bitirəndən sonra niyə rəssamlıq sahəsində təhsil almadın?

- Atamın arzusunu yerinə yetirmək üçün, beynəlxalq ticarət sahəsində təhsil aldım. Ali məktəbdə oxuyan vaxtlar demək olar ki, rəssamlıqla məşğul olmadım. Sadəcə inzibati, coğrafi xəritələri çəkirdim. Müəllimlərim ilk əvvəl elə bilirdilər ki, mən bunları kserokopiya eləyirəm. Amma gördülər ki, bunlar kserokopiya yox, əllə çəkilmədir. Onların da mənə hörməti, inamı artdı. Sonra mən işləmək üçün Türkiyəyə getdim. Orada da 10 il əlavə təhsil almaq və iş yerində özümü sübut etmək üçün çox çalışdım. Beləliklə, 2007-ci ildən 2017-ci ilə kimi rəssamlıqla məşğul olmadım. Baxmayaraq ki, bacım Nərgiz mənə təkid edirdi və məni məcbur eləyirdi ki, rəssamlıq sənətini davam eləyim, amma elə bil ki, daxilimdə belə bir istək, qüvvə yaranmırdı. Özüm də bilmirdim ki, mənə nə olub? Beləliklə, 2017-ci ilin sonundan artıq rəsm əsərləri çəkməyə başladım. Rəsm əsərləri çəkməyə də ona görə razılaşdım ki, ailə dostlarımıza onların portretlərini çəkib, yeni ildə sürpriz kimi hədiyyə etmək istəyirdim. İlk əvvəl həmin insanların və məşhur türk aktyorlarının, müğənnilərinin şəkillərini çəkdim və onların böyük tədbirlərində, konsertlərində bu rəsm əsərlərini onlara hədiyyə verdim. Onlar da elə bilirdilər ki, bu portretlər kserokopiyadır. Amma görəndə ki, bunlar əsl rəsm əsərləridir, həmin insanlar bunu çox yüksək qiymətləndirdiklərinə görə məndə bu sənətə yenidən böyük istək, həvəs və qürur hissi yarandı. Həmin vaxt beynimdə yarandı ki, mən şəbəkə və mozaika üslubundan istifadə etməklə rəsm əsərləri çəkim. Başladım bu üslublardan istifadə etməklə rəsm əsərləri çəkməyə. Bu sahədə ilk işlərimdən biri məşhur rəssam Aydan Tahir qızı Salahovanın portretini çəkmək oldu. Mən, bu portreti çəkib, Moskvaya ona göndərdim. Bilirsiniz ki, Aydan xanım dünya şöhrətli məşhur rəssam Tahir Salahovun qızıdır. O, bu potretə görə mənə öz təşəkkürünü feyzbuk vasitəsilə yazıb göndərdi və məsləhət bildi ki, bu işlə çox ciddi məşğul olum. Və onu da vurğuladı ki, ” bu üsul rəssamlıqda yeni üsuldur. Bunu də sən yaratmısan”. Sonra mən dünyanın dahi şəxsiyyətləri, siyasətçiləri seriyasından rəsm əsərləri çəkməyə başladım. Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Rəcəb Tayyib Ərdoğanın, İlham Əliyevin və başqa məşhur dövlər rəhbərlərinin, alimlərin, filosofların, şairlərin, yazıçıların, incəsənət xadimlərinin portretini çəkdim. Bundan başqa mən, tarixdə öz izlərini qoyan məşhur qadınlar seriyasından da portretlər çəkirəm. Bundan əlavə mən, həm də başqa mövzularda da rəsm əsərləri yaradıram.

- Mozaika və şəbəkə formasında rəsm əsərləri çəkmək bu rəssamlıqda yeni üslubdur...

-Bəli. Mənə bu üslubda rəsm əsərləri çəkmək elə bil ki, daha maraqlı və yaxşıdır. Bu janrlarda şəkdiyim rəsm əsərlərini həm o insanlar və həm də tamaşaçılar maraqla qarşılayırlar. İndi mən məşhur türk sənət adamlarının, yazarlarının portretlərini çəkib, onların imza günündə onlara hədiyyə eləyirəm. Onlar da bunu çox yüksək qiymətlərdirirlər.

Keçən il İstanbulda Türkiyədə yaşayan azərbaycanlıların sərgisi keçirilirdi. Mən də ora özümüm üç rəsm əsərimi apardım. Bu portretlərdən biri ulu öndər Heydər Əliyevin, biri İstanbuldakı Yedditəpə Universitetində dərs deyən, dosent, rəssam Teymur Rzayevin portreti və biri də Xalq artisti, sizin və atamın tələbə yoldaşı Cahangir Novruzovun portreti idi. Teymur müəllim bir mütəxəssis kimi bu portretləri yüksək qiymətləndirdi. Məsləhət bildi ki, mənim şəkdiyim bu rəsm əsərləri həmin sərgidə hökmən nümayiş olunsun. Tamaşaçıların həmin əsərlərə böyük maraqla baxmaları və mənə təşəkkür etmələri məndə özümə qarşı inamı bir qədər də artırdı. Hətta Azərbaycan Gümhuriyyətinin 100 illiyi münasibətilə bu Cünhuriyyətdə böyük xidmətləri olan rəhbərlərinin də portretlərini çəkmişdim. Günhuriyyətin 100 illiyi münasibətilə Türkiyədə keçirilən tədbirdə mən bu portretləri bizim İstanbuldakı kosulumuza verdim. O, bu rəsm əsərlərini yüksək qiymətləndirdi. İndi dağınıq bir qaralama formasında rəsm əsərləri çəkirəm. Bu rəsm əsərlərinin içərisində də bir neçə mövzular olmalıdır. Ümumiyyətlə çalışıram ki, bir neçə janrda özümü sınayım.

-Sən rəssamlıq sahəsində təhsil almaq istəmirsən?

- Bəzən fikirləşirəm ki, rəssamlıq sahəsində təhsil alsam bir qəlibə salınacam. Ona görə də hələ ki, ayrı-ayrı janrlarda rəsm əsərləri çəkməklə özümü yoxlamaq istəyirəm. Hətta dünya xalqlarının məşhur nağıllarına da ilyüstrasiyalar çəkirəm. Bu ilyustrasiyalar da çox maraqla qarşılanır. Ola bilər ki, gələcəkdə rəssamlıq sahəsində də təhsil alacam və ya hansısa məşhur rəssamın emalatxanasına getməklə ondan da çox şey öyrənəcəm. Çünki bu günkü zaman tələb eləyir ki, rəssam çox savadlı olmalı və dövrün, zamanın nəbzini tutmağı bacarmalıdı. Ona görə də rəssamlıqla bağlı çox kitablar oxuyuram. Dünya şöhrətli məşhur rəssamların həyatını, onların iş üslubunu mükəmməl öyrənirəm. Bununla birlikdə həm də çoxlu rəsm əsərləri çəkirəm. İndi artıq yüz əllidən çox rəsm əsərlərim var və çox istərdim ki, bu əsərlərimin Azərbaycanda sərgisi təşkil olunsun. Çünki bu rəsm əsərlərimin çoxu vurğunu olduğum Azərbaycana, onun təbiətinə və xalqımızın tanınmış şəxsiyyətlərinə aiddir. Həm də Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaq üçün sənədlərimi və rəsm əsərlərimi ittifaqa təqdim etmişəm. Lap yeniyetməlik illərimdən arzum həmin təşkilatın üzvü olmaqdır.

Biz də Kənan Qərib Şahmar oğlu Qəriblinin çəkdiyi rəsm əsərlərini görən və sənət aləmindən xəbəri olan insan kimi insnırıq ki, o, gələcəkdə rəsssamlıq sahəsində böyük uğurlar əldə edəcək. Və inanırıq ki, xalqımızı dünyada tanıdan rəssamlarımızdan biri olacaq. Kənan Qərib hələ gəncdir. Avqus ayının 17-də 35 yaşı tamam olur. Onun həm ailə həyatında və həm də rəssamlıqda bütün uğurları hələ qabaqdadır. İnanırıq ki, Kənan Qərib ona olan bütün ümidləri də doğruldacaq. Azərbaycan və dünya rəssamlıq tarixində öz sözünü deməklə, öz imzasını təsdiqləyəcək.

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi