18 Avqust Sərhəd Qoşunları Günüdür

16 Avqust 2019 17:29 (UTC+04:00)

Prezident İlham Əliyev: "Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır"

Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Belə bir məsuliyyətli və şərəfli vəzifəni daşıyan Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri, bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə şərəflə həyata keçirir. "Vətən sərhəddən başlayır" deyən Ulu Öndər Heydər Əliyev sərhədin hər bir müstəqil dövlət üçün çox əziz, vacib bir sahə olduğunu vurğulayaraq, sərhədin qorunmasında xidmət göstərən hər kəsin xalqımızın, millətimizin hörmət və ehtiramına layiq olduğunu bildirirdi. Bəli, bu gün sərhədlərimizin keşiyində ayıq-sayıq duran Sərhəd Xidməti Qoşunları əməkdaşları peşə bayramlarını qeyd edirlər.
18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ölkənin sərhədlərinin mühafizəsi haqqında qəbul etdiyi qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Təəssüflə olsa da, vurğulamalıyıq ki, Cümhuriyyət təmsilçiləri müstəqil respublikanın sərhədlərini hərtərəfli mühafizə etməyə qadir qüvvələr formalaşdıra bilmədi. Daxili mübarizələr və bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycanın ilk müstəqil dövlətinin süqutuna gətirib çıxarmaqla, sərhəd-mühafizə qüvvələrinin yaradılması işini də yarımçıq qoydu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu. Sonrakı illərdə və sovet hakimiyyəti dövründə Azərbaycanın sərhədləri SSRİ-nin sərhədlərinin bir hissəsi olmuşdur.
"SƏRHƏD VƏ ƏRAZİ BÜTÖVLÜYÜ HƏR BİR ÖLKƏNİN DÖVLƏT MÜSTƏQİLLİYİNİN ƏSASINI TƏŞKİL EDƏN ATRİBUTLARDIR"
Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın dövlət sərhədlərini, varlığını qorumaq üçün Sərhəd Qoşunlarını sərhədin mühafizəsinə nəzarət edə biləcək hərbi quruma çevirmək lazım idi. Buna qadir olan Azərbaycan xalqının Xilaskarı, Memarı və Qurucusu Heydər Əliyev hərbidə ən mühüm və vacib sahə olan Sərhəd Qoşunlarının yaradılmasına xüsusi önəm verdi. "Sərhəd və ərazi bütövlüyü hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlardır" deyən Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar verdi. Bu qərarla da Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan Milli Ordusunun əsası qoyuldu. 1992-ci il avqustun 22-də Naxçıvan sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində milli bayrağımız dalğalandı. Həmin il oktyabrın 18-də isə, Naxçıvan sərhəd dəstəsində andiçmə mərasimi keçirildi. Ulu Öndər Heydər Əliyev sərhədçiləri təbrik edərək deyirdi: "Siz müstəqil Azərbaycan sərhədlərinin toxunulmazlığını və respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə and içdiniz. Bu and müqəddəs anddır".
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi haqqında Sərəncamı Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu baxımdan Dövlət Sərhəd Xidmətinin yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut edir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi.
SƏRHƏD XİDMƏTİNİN FƏALİYYƏTİ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUB
Bu gün dövlətimizin və müstəqilliyimizin əsas atributlarından biri sayılan sərhədlərimizin keşiyində qürurla dayanan, beynəlxalq terrorizmə, qaçaqmalçılığa və narkotik vasitələrin gizli dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparan Dövlət Sərhəd Xidməti özünün sürətli inkişaf mərhələsini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları, bu baxımdan, ölkəmizin qazandığı uğurlarda mühüm rol oynayır.
Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində, dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır. "Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır" deyən Cənab Prezident Azərbaycan kimi daxili sabitliyi ilə fərqlənən ölkələrin təhlükəsizliyi, ilk növbədə, sərhədin möhkəm olmasından asılı olduğunu bildirib: "Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində, Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha da yüksək səviyyədə təşkil olunur".
Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülmüşdür. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində, bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilmişdir. Beynəlxalq standartlara cavab verən Sərhədçi İdman Olimpiya Mərkəzinin istifadəyə verilməsi, məhz ölkə rəhbərinin sərhədçilərimizə olan diqqətinin nümunəsidir. Bu kompleks müasir şəraiti ilə idmanın inkişafına xidmət göstərir.
"BİZİM SƏRHƏDLƏRİMİZ LAZIMİ SƏVİYYƏDƏ QORUNMASA, AZƏRBAYCANIN GƏLƏCƏYİNİ, MÜSTƏQİLLİYİNİ İSTƏMƏYƏN QÜVVƏLƏRİN QARŞISINA MÖHKƏM SƏDD QOYULMASA, UĞURLARIMIZ ŞÜBHƏ ALTINA DÜŞƏ BİLƏR"
2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə kimi yadda qalan Dövlət Sərhəd Xidmətinin Akademiyasınını istifadəyə verilməsini də qeyd etməliyik. Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək baxımından əhəmiyyətlidir. Akademiyada yaradılan şərait, bir daha təsdiq edir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsl rəşadət göstərirlər. Sərhədlərimizin yüksək səviyyədə qorunması xalqımızın əmin-amanlıq şəraitində yaşamasına təminat yaradan əsas amillərdən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizliyin təmin olunması, sabitliyin saxlanılması, əmin-amanlığın, asayişin davam etdirilməsi bizim inkişafımız üçün başlıca şərtdir: "Bizim sərhədlərimiz lazımi səviyyədə qorunmasa, Azərbaycanın gələcəyini, müstəqilliyini istəməyən qüvvələrin qarşısına möhkəm sədd qoyulmasa, uğurlarımız şübhə altına düşə bilər".
İstər quruda, istər sahildə, istərsə də, səmada Azərbaycanın təhlükəsizliyini təmin edən, dövlətimizi və millətimizi qoruyan şərəfli sərhədçilərimizlə xalqımız qürur duyur. Bu gün dövlətçiliyin mühüm atributlarından olan sərhədimizin milli sərhədçilərimiz tərəfindən qorunması müstəqilliyimizi daha da möhkəmlədir və hər birimizdə qürur hissi yaradır.

ZÜMRÜD BAYRAMOVA