Notr-Dam kilsəsi yenidən çökə bilər

16 Avqust 2019 15:12 (UTC+04:00)

Fransanın Mədəniyyət Nazirliyi bəyan edib ki, Parisin Notr-Dam kilsəsinin yenidən çökməsi təhlükəsi mövcuddur. SİA xəbər verir ki, bunu “Le Figaro” qəzeti nazirliyin müvafiq məlumatına istinadla yazıb. Nazirliyin məlumatında deyilir ki, şəhərdə anormal istilər üzündən kilsənin nefinin tağlarından konstruksiyalar qopub düşməyə başlayıb.

İdarədən onu da bildiriblər ki, yanğından sonra Notr-Damda bərpa işləri hələ aparılmayıb, hazırda kilsənin uçmasının dayandırılması istiqamətində işlər görülür.

Aprelin 15-də Notr-Dam kilsəsində yanğının tüğyan etməsi nəticəsində onun dam örtüyünün üçdəiki hissəsi uçub, qotik üslublu şpil tamamilə yanıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ehtiyatsızlıqdan ziyan vurma barəsində işi araşdırırlar. İlkin versiyaya görə, alovlanmaya bərpa işləri zamanı ehtiyatsızlıq səbəb olub.