Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli insan üçün 160, uşaqlar üçün 200, pensiyaşılar üçün 146 manat təşkil edir
18 Fevral 2011 00:07 (UTC+04:00)
İqtisadi Tədqiqatlar Mərkəsinin ekspertləri Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, cari ilin ilk ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 160,66 manat, pensiyaçılar üçün 146,16 manat, 0-14 yaşlı uşaqlar üçün isə 199,39 manat təşkil edib.
Ay ərzində əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,40 manat, pensiyaçılar 94,27 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 118,00 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,31 manat, pensiyaçılar üçün 33,08 manat, 0-14 yaşlı uşaqlar üçün 68,54 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,10 manat, 22,26 manat və 17,47 manat təşkil edib.
Xatırladaq ki, "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.