"Azərbaycanlılar ermənilərə beynəlxalq auditoriyaları öz yalanları ilə aldatmağa imkan verməzlər" AÇIQLAMA-ÖZƏL

16 Avqust 2019 11:08 (UTC+04:00)

“Təəssüflər olsun ki, daha çox gənclərin və o cümlədən gənclər təşkilatlarının təmsil olunduğu beynəlxalq tədbirlərdə erməni gəncliyinin hansı psixoloji vəziyyətdə olması tam aydınlığı ilə sezilir. Baxmayaraq ki, o gənclərin bir çoxu heç müharibəni görməyib və Qarabağ savaşından sonra dünyaya gəliblər. Lakin indiki erməni gəncləri əvvəlki nəsil kimi valideynləri tərəfindən millətçi və şovinist ruhda, türklərə qarşı aqressiv şəkildə böyüdülür və tərbiyə alırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib

O bildirib ki, biz ermənilərdən fərqli olaraq, öz mövqeyimizi istər tarixi, istərsə də beynəlxalq hüquq əsasında bildiririk: “Lakin ermənilər mücərrəd çıxışlar edir və bu addımları ilə tez-tez Azərbaycanın nümayəndə heyətlərini, tələbələri, gəncləri təxribata çəkməyə çalışırlar. Bu dəfə də Maşukda olan beynəlxalq forumda Ermənistanın Rusiyadakı səfirinin tədbirin mövzusuna aid olmayan Qarabağla bağlı çıxışı, təbii ki, Azərbaycan nümayəndə heyətinin haqlı olaraq qəti etirazına səbəb olub. Bunu istər təşkilatçılar, istərsə də ermənilər əvvəldən bilməli idi. Bundan başqa, harada azərbaycanlılar varsa, onlar heç vaxt imkan verməz ki, ermənilər beynəlxalq auditoriyaları öz yalanları ilə aldatsınlar. Ermənilər mütləq şəkildə ifşa edilməlidir”.

Z.Məmmədov söyləyib ki, üçüncü ölkələrdə olan belə tədbirlərdə erməni nümayəndələri daha çox iştirak edirlər: "Erməni nümayəndələri həmin ölkələrin yerli politoloqları, ekspertləri, qeyri-hökumət təşkilatlarının üzvləri olurlar və bununla da özlərini qonaq kimi deyil, həmin ölkənin vətəndaşı olaraq aparmağa çalışırlar. Birmənalı şəkildə bilməyik ki, ermənilər tarixən, istər XIX, istərsə də XX əsrdə və bu gün də Azərbaycan xalqına düşmən obrazında baxırlar. Bunu biz onların sadə vətəndaşlarında və ya siyasətçilərinin çıxışlarında görürük. Təbii ki, erməni ictimaiyyətinin bu cür fikirləşməsinin ən əsas səbəbi Koçaryan-Sarkisyan və indi də Paşinyan rejiminin apardığı təbliğatla bağlıdır. Amma ermənilər başa düşməlidirlər ki, tarix heç də erməni tarixçilərinin qələmə aldığı kimi deyil”.

Qeyd edək ki, Rusiyanın Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın bu ölkədəki səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib.