YAP Zərdab rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

15 Avqust 2019 17:37 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının qərərgahında təşkilatın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, partiyanın yaranma tarixindən, çətin və şərəfli fəaliyyət yolundan söz açıb. P.Mahmudova Ulu Öndər Heydər Əliyevin YAP-ın II qurultayında söylədiyi «Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün, zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən, heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət – sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, hesab edirik ki, partiyanı yaradaraq, biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı» fikirlərinin partiyanın yaranma zərurətinə aydınlıq gətirməklə yanaşı, sonrakı dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsinə bələdçilik etdiyini diqqətə çatdırdı.
R.Mahmudov onu da bildirib ki, rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində qurmağa çalışır, rəhbər orqanların qərarlarının, tövsiyə və tapşırıqlarının dəqiq, vaxtında yerinə yetirilməsinə səy göstərir. Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı ölkəmizdə keçirilən bütün siyasi tədbir və kampaniyalarda fəal iştirak edərək, bu işlərə daim öz layiqli töhfəsini vermişdir. 2019 -cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində də rayon təşkilatı, təşkilatın seçki qərərgahı, eləcə də, bütün partiya fəalları var gücünü və imkanlarını səfərbər edərək, seçki kampaniyasının demokratik, şəffaf və kütləvilik şəraitində keçirilməsinə nail olacaqlar.
YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Rəmzi Şirinov, partiya fəalı Səliqə İsmayılova və digərləri çıxış edərək partiyanın yaranma tarixi, bugünki fəaliyyəti və gələcək perspektivlərindən söz açıblar. Çıxış edənlər əldə olunmuş uğurlarla kifayətlənməyərək, Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə, Azərbaycanın parlaq gələcəyi üçün daha əzmlə çalışacaqlarını qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri, rayon təşkilatının fəal üzvlərinə Fəxri Fərman və hədiyyələr təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA