İran prezidentinin şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. SİA-nın "armtoday" saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Erməni nazir iranlı diplomatı İrəvanda gördüyündən məmnun olduğunu qeyd edib. Ermənistan-İran münasibətlərinin yüksək səviyyədə olmasından və dinamik inkişafından razı qaldığını deyən Ermənistan XİN-i hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq, birgə proqramların hazırlanması və həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
Öz növbsində Məhəmmədrza Rauf Şeybani İranın xarici işlər naziri Əli Əkbər Salehinin salamlarının Edvard Nalbandyana çatdırıb. Görüşdə regional problemlərlə bağlı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda isə Təbrizdə dövlət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən 2 nəfər həbs olunub. Təbrizin 1 saylı İnqilab Məhkəməsi M. Sakiti dövlət əleyhinə təbliğat aparmaqda, "Azadlıq" hərəkatının toplantılarında iştirakda və bu hərəkata üzv olmaqda ittiham edib və barəsində 7 ay müddətinə həbs qərarı verib. Ə.Əlizadə də "Mübariz Müsəlman" və "Azadlıq" hərəkatına üzv olmaqda təqsirli bilinərək 91 gün müddətinə azadlıqdan məhrum edilib.