“GMO mallar haqqında qanun layihəsi cari il ərzində Milli Məclisə təqdim olunacaq”-AÇIQLAMA

17 Fevral 2011 22:00 (UTC+04:00)
Genetik modifikasiya olunmuş (GMO) mallar haqqında qanun layihəsi hazırlanıb. Bu barədə SİA-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, hazırda bu qanun layihəsi kənd təsərrüfatı, səhiyyə, iqtisadi inkişaf və digər nazirliklərdə, müəyyən dövlət qurumlarında müzakirə olunur. E.Hüseynovun sözlərinə görə, bu işdə ən yaxşı təşəbbüs göstərən qurum Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutudur. Qanun layihəsinin hazır olduğunu deyən birlik sədri qeyd edib ki, bu cari il ərzində Milli Məclisə təqdim olunacaq.

"Hələlik bu iş gedir, ancaq Azərbaycanda birmənalı şəkildə GMO yayılır. Toxumçuluq, əkinçilikdə artıq geniş şəkildə istifadə olunur. Özümüz rayon şöbələri ilə gördüyümüz işlərdə aboragen-qədim bitki növlərinin əkinçiliyinə dəstək verilməsi ilə bağlı təbliğatımızı aparırıq. Azərbaycanda GMO mallarına tamamilə qadağa qoyulmasının tərəfdarıyıq. Ancaq ona nə qədər qadağa qoyulsa da bu var və ətraf mühitə yayılır. Biz də öz növbəmizdə mümkün qadağaların qoyulmasını istərdik", - deyə o əlavə edib.