"Qoşulmama Hərəkatı Azərbaycan üçün əhəmiyyətli platformadır"

14 Avqust 2019 17:48 (UTC+04:00)

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illərdə bu quruma sədrlik edəcək. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Hərəkatın üzv dövlətlər arasında əlaqələrin intensivləşməsi üçün yaratdığı imkanlardan, bu platformanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli rolundan danışıb.

Qoşulmama Hərəkatı 120 üzv ölkəni, 17 müşahidəçi dövləti və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. Hərəkat ilkin olaraq üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.

2006-cı ilin sentyabrında Qoşulmama Hərəkatının Kubanın paytaxtı Havanada keçirilən Sammitində üzv ölkələr Qərb və Sovet İttifaqı arasında soyuq müharibənin başa çatması və qütblərdən birinin dağılmasının QH-nin inkişaf etməkdə olan dövlətlər üçün önəmini azaltmadığını bildirib və hərəkatın yeni dövr üçün məqsədlərini müəyyənləşdiriblər. Onlar Hərəkatın inkişaf etməkdə olan dövlətlər üçün siyasi koordinasiya mexanizmi kimi gücləndirilməsinə və qlobal təhdidlərə qarşı üzv ölkələr arasında əməkdaşlığın əlaqələndirilməsində aparıcı rol oynamasını təşviq etməyə qərar veriblər.

Təşkilat tədricən yüksələn dinamizmə malikdir və bu, üzv dövlətlər arasında əlaqələrin intensivləşməsi üçün imkanlar yaradır. Bu, dövlətlərə eyni cəbhədə yer almaq, onların digər platformalarda (məsələn, BMT-də) dəstəyini təmin etmək imkanı verir. Onların ölkəmizin maraqlarına dəstək ifadə edən mövqedən çıxış etmələri və maraqlarımızı əks etdirən beynəlxalq sənədlərin qəbul edilməsində iştirakı Azərbaycan diplomatiyasının qarşısında çox mühüm vəzifələr qoyur və böyük imkanlar təqdim edir.

Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli platformadır. Ölkəmizin bu Hərəkatda iştirakı Ermənistan–Azərbaycan münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından çox vacibdir. Bu, artıq praktikada özünü doğrultmuş bir yanaşmadır. Belə ki, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini göstərmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırmışdılar. Oxşar mövqe Hərəkat üzvləri tərəfindən bu ilin iyul ayında Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də ifadə edilib.