Küveytdə Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə silsilə anım tədbirləri həyata keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirlər zamanı Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və yardımı ilə "Xocali soyqırımı" kitabı ərəb dilinə tərcümə olunaraq nəşr ediləcək. Eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli film ərəb dilində CD variantında hazırlanıb yayılacaq.
"Xocalı soyqırımı" kitabı və sənədli film Küveytin dövlət, hökumət qurumlarına, parlamentə, ölkədə fəaaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndəriləcək. Bundan əlavə, "Xocalı uşaqların gözü ilə" ekspozisiyasının bəzi rəsmləri Küveytin ən böyük məscidi "91 - Məscid əl-Kabir" kompleksində təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.
Küveytdə yaşayan və çalışan Azərbaycan diasporu fəallarının təşəbbüsü və təşkilatçılığı ilə səfirliyin konfrans zalında Xocalı faciəsi qurbanlarının anım mərasimi keçiriləcək. Mərasimdə Küveyt ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.