Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbərini qəbul edib

17 Fevral 2011 21:08 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbəri Vasiliy Yujanini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətndən SİA-ya verilən xəbərə görə, görüşdə Ombudsmanla bu qurum arasında miqrantların hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi, gələcək fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Müvəkkil V.Yujaninlə əvvəlki görüşünü xatırlatmış, ölkəmizdə miqrasiya prosesləri ilə bağlı qanunvericilik üzrə, həm də institusional sahədə mühüm addımlar atıldığını, müvafiq qanunların qəbul edildiyini, BMT-nin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunduğunu vurğulayıb.

E.Süleymanova gələcək əməkdaşlığın əsas prioritetlərinin müəyyənləşdirilməsinin zəruriliyini önə çəkib.

Ombudsman Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdən olduğunu bildirmiş, ölkə əhalisinin məcburi yerdəyişmələrinin meydana çıxması nəticəsində miqrasiya proseslərinin daha da gücləndiyini vurğulayıb.

V.Yujanin ölkəmizdə aparılan iqtisadi islahatların, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin miqrasiya axınlarının artmasına səbəb olduğu, respublikamızın tranzit ölkəsi rolunu oynadığı və son illərdə miqrantlar üçün maraqlı bir ölkəyə çevrildiyini söyləyib.

Azərbaycan Ombudsmanının digər ölkələrdəki ombudsmanlarla insan hüquqları sahəsində imzaladığı ikitərəfli sazişlərə əsasən, Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə respublikamızın ərazisində hüquqlarının müdafiəsinin nəzərdə tutulduğu bildirilib.

Qonaq bu dəvətə görə təşəkkürünü bildirmiş, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, son dövrdə miqrantların sosial-iqtisadi problemlərinə dair layihələr, həmçinin insan alverinə qarşı mübarizə ilə bağlı daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb.