"Qarabağ" Çempionlar Liqasına "əlvida" dedi

13 Avqust 2019 22:20 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

SİA xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də öz meydanında gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu


20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2
Qol: De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1