Qubada əlilliyi olan şəxslərin və ailələrinin problemləri müzakirə olunub - FOTO

12 Avqust 2019 14:42 (UTC+04:00)

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba şəhəri, Fətəlixan küşəsi 133 ünvanda dəyirmi masa keçirilib. Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat Xidmətindən verilən məlumata görə, dəyirmi masada Quba rayonunda yerləşən müvafiq təşkilatların nümayəndələri iştirak ediblər. Dəyirmi masada Quba rayonun Alpan və Vəlvələ qəsəbələri və onların ətrafında olan 8 kənddə əlilliyi olan şəxslər və onların valideynləri ilə 15 fokus qrupların və 50 nəfərə təlimlərin keçirilməsi, 120 nəfərə hüquqi xidmətlərin, 14 nəfərə problemləri üzrə xidmətlərin göstərilməsi barədə təqdimat olub. Təqdimatda xidmət zamanı əlilliyi olan şəxslərin və onların ailələrinin rastlaşdıqları problemlər və onların hüquqi müstəvidə həlli yolları qeyd olunub.

Sonra əlilliyi olan şəxslərin və onların ailələrinin əsas rastlaşdıqları problemlər onlara uyğun təkliflər və hüquqi yardım yolları haqqında təkliflər paketi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları görülmüş işlər və ən əsas gələcəkdə həm iş əsnasında, həm olunacaq müraciətlərə, həm də hüquqi xidmətlərin göstərilməsi yollarını müzakirə ediblər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanıb.

Qeyd edək ki, analoji xidmətlər İsmayıllı və Bərdə rayonlarında da həyata keçirilib və xidmətlər göstərilməkdədir.

Analoji dəyirmi masalar İsmayıllı və Bərdə rayonlarında da keçirildikdən sonra məlumatları özündə əks etdirən və gələcəkdə bir Yol xəritəsi kimi istifadə edilə biləcək 1000 tirajla nəşr hazırlanaraq aidiyyəti üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.

Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilib.