Baş nazir İranın birinci vitse-prezidenti ilə görüşüb FOTOLAR

12 Avqust 2019 16:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkmənistana səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Baş Nazir ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Novruz Məmmədov iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm layihələrinin həyata keçirildiyini qeyd edib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, birgə layihələrin reallaşmasının həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Tərəflər Soçidə təşkil olunacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində dövlət başçıları səviyyəsində keçiriləcək görüşün ölkələrimizin regional əməkdaşlığı baxımından vacib əhəmiyyət daşıdığını bildiriblər. Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.