Ötən ilin may ayında Kür çayında baş vermiş məlum daşqınlar nəticəsində əhaliyə dəymiş ziyanın nəticələri aradan qaldırılır. Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən evləri qəza vəziyyətinə düşən sakinlər üçün fərdi yaşayış mənzilləri tikilir.
İş icraçısı Ceyhun Hüseynovun SİA-ya verdiyi məlumata görə, Şirvan şəhər ərazisində Kür qırağı 3 müxtəlif qəsəbədə 23 fərdi ev tikilir. Həmin evlər qəza vəziyyətində olan mənzillərin yanında tikilir. Tikilən evlərdə son tamamlanma işləri görülür. Bundan başqa 19 ailə üçün yaşayış binasının tikilməsi nəzərdə tutulub.
Çılpaqlı qəsəbəsi, Füzuli küçəsi ev 26a -nın sakini Şahbazova Yeganə Qurbani qızı bildirib ki, ailəmiz 9 nəfərdən ibarətdir. Hazırda qaldığımız yararsız vəziyyətdə olan mənzilimiz 2 otaqdan ibarətdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən yeni evimiz isə 3 otaqdan və bir mətbəxdən ibarətdir. Ona görə dövlətimizə göstərdiyi qayğıya görə minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, mənzillər mart ayının sonuna qədər sahiblərinə təhvil veriləcəkdir.