Ailə həyatı qurmazdan əvvəl hər bir fərd psixoloji cəhətdən buna hazır olmalıdır. Ailənin hər bir fərdi - kişi və qadın bir-birinə uyğunlaşmağa, fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Ən azından bu məsuliyyəti özlərində dərk edirlər.
Təəssüf ki, hər bir ailədə bu, belə deyil. Ailədə müəyyən səbəblərdən dolayı-diqqət və qayğının göstərilməməsi, sevgi, hörmət hissinin aşılanmaması, uşaqların düzgün tərbiyə olunmaması, maddi və mənəvi tələbatların ödənilməməsi fərdlər arasında anlaşılmazlıq yaradır. Bu saydıqlarım azmış kimi, ailəyə kənar amillərin də rolu öz tesirini göstərir. Məsələn: qayınata-qayınananın (bu, hər kəsə şamil olunmur), qohum-əqrabaların ailənin hər xırda probleminə müdaxilə etmələri, kişi və qadının iş şəraitində rastlaşdıqları çətinlikləri bir-birilərinə yansıtması onlar arasında qəlbən uzaq məsafələrə, soyuqluq yaranmasına səbəb olur... Və boşanmalara kimi gətirib çıxarır.
Bir sözlə, ailə həyatı qurmamışdan öncə gözlədiklərinlə ailə həyatı qurduqdan sonrakı reallıqlar bir-birinin əksi olur. Bu zaman ailənin bütövlüyünü qorumaq üçün kişi və qadının özünəməxsus vəzifələri olur. İlk növbədə qadın həyat yoldaşı çətin vəziyyətdə olduğu zaman ona özünü yalnız hiss elətdirməməli, hər dəfə ona dəstək olacaq ifadələr işlətməli, ruhən onu motivasiya etməlidir. Kişi isə öz növbəsində qadının hislərini anlamalı, fikirlərinə hörmətlə yanaşmalı, onların emosional bir varlıq olduğunu nəzərə almalıdır. Hər iki tərəfdə empatiya (başqasının dərdinə şərik olmaq) hissi güclü olmalıdır.
Ümumiyyətlə, ailədə bu kimi halların baş verməməsi üçün hər iki tərəf müəyyən müddət ərzində bir-birini düzgün tanımalı, münasibətdə yalan olmamalı, onu olduğu kimi qəbul etməlidir. Və ən əsası da ailə sevgi üzərində qurulmalıdır. O səbəbdən ki, hər hansı bir çətinliklə rastlaşan zaman məhz o sevgi həmin çətinliyi aradan qaldırmağa kömək edir, qarşı tərəfin qüsurlarını bağışlayır və getdikcə bu sevgi qarşılıqlı hörmətə çevrilər və həmin ailə ideal ailə kimi hesab olunar. Burada böyüyən uşaqlar da düzgün tərbiyə olunacaq, sağlam fikirli, gələcəyi parlaq, cəmiyyət içərisində öz mövqeyini bilən biri kimi formalaşacaq.
Ailə elə bir mühitdir ki, burada tək heç nəyə nail olmaq mümkün deyil. Hər iki tərəf bu məsuliyyəti öz çiyinlərinə götürübsə, bunu sona kimi davam etdirmək onların borcudur. Necə deyərlər, AİLƏ BİRLİKDİR, AİLƏ KİÇİK CƏMİYYƏTDİR.