Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının rəqs kollektivi Türkiyənin İzmir şəhərinə dəvət alıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verib.
Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 33-cü dəfə düzənlənəcək Beynəlxalq Uşaq Festivalında Azərbaycanı bu dəfə də Musiqili Komediya Teatrının ən balaca artisləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər. İzmirdə keçiriləcək festivalda kollektivin 8 yaşdan 13 yaşa kimi olan solistiləri iştirak edəcək. Hər il olduğu kimi, bu il də həmin festivala dünyanın onlarla ölkəsindən balaca istedadlar qoşulacaq.
Studiyanın rəhbəri Əminə Musayeva bildirib ki, balaca artistlər ötən illər də eyni məqsədlə Türkiyənin müxtəlif şəhərlərində olub: "Təkcə 2010-cu ildə dünyanın ən müxtəlif meridianlarından gələn uşaqlarla birlikdə azərbaycanlı uşaqlar da bayram günlərində Ankaraya gedib, prezident Abdullah Gül və Baş Nazir Rəcəb Tayyib Ərdoğanla, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri ilə görüşüblər. Bu görüşlərdə isə balaca artistləri 11 yaşlı rəqqas Vaqif Əsədov təmsil edib. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa ediblər. Kollektivin üzvləri eyni zamanda dəvət olunan nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərə də qatılıblar".