“Ermənistan heç zaman Azərbaycan xalqının qarşısına düşmən obrazında çıxmağa qadir deyil”-MÜNASİBƏT
17 Fevral 2011 02:03 (UTC+04:00)
Millət vəkili olaraq Xocalı faciəsinin tanıdılması istiqamətində hələ ki çox işlər görməliyik. SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ilboyu Qarabağ münaqişəsi ilə bağlı dünyanın bütün ölkələrində, beynəlxalq təşkilatlarda iş aparılır. Millət vəkilinin sözlərinə görə, artıq bir çox təşkilatlarda bununla bağlı iş aparılıb, ərazinin 20%-nin işğalda olması və Ermənistanın işğalçı ölkə kimi tanınmasını özündə əks etdirən sənədlər qəbul olunub. M.İbrahimqızı qeyd edib ki, yaxın vaxtlarda NATO Parlament Assambleyasının növbəti iclasında Qarabağ məsələsinə münasibət bildirərək sənəd qəbul olunmalıdır.
"Prezident İlham Əliyevin Qarabağ probleminin həlli ilə bağlı apardığı siyasətin nəticəsi kimi parlamentdə mühüm işlər görülür. Etiraf etməliyik ki, bu işlər hələ azdır. Biz erməniləri çox böyüdürük. Bu bir reallıqdır ki, Ermənistan bugün, dünən, yüz illər bundan sonra da Azərbaycan xalqının qarşısına düşmən obrazında çıxmağa qadir deyil. Azərbaycan hər mənada Ermənistanı məğlub etməyə və qəti sözünü deməyə qadirdir. Bu bir reallıqdır ki, Ermənistan 100 il ərzində ermənilər tərəfindən Çar Rusiyası, SSRİ və va SSRİ dağıldıqdan sonra imperialist xislətindən əl çəkməyən qüvvələrin əli ilə bu işlər görülüb", - deyə o əlavə edib.
Millət vəkili vurğulayıb ki, bütün bunlar bir tarixdir və tarixdə baş verənlərdən dərs kimi istifadə etməliyik. Onun fikrincə, Xocalı faciəsinin beynəlxalq aləmdə insanlığa, beynəlxalq hüquqa olunan bir təcavüz kimi tanıtmamış ona siyasi qiymətin verilməsi haqqında düşünə bilmərik: "Biz bunlarla dayanmamalı, xüsusi işlər aparmalıyıq. Tarix boyu erməni lobbisi, diasporu gözlədiyimiz halda arxadan zərbə vurmaq xislətinə malikdirlər. Etiraf etməliyik ki, onlar hələ də Dağlıq Qarabağla bağlı daha güclü fəaliyyət göstərirlər. Onlar öz yalanlarını yüz illiklər boyu utanmadan yaymaq üçün vəsaitlərini xərcləməkdən bezməyib, biz də öz həqiqətlərimizi yaymaqdan yorulmamalıyıq".