İdman direktoru: “Biz “MKT Araz”a qarşı deyil, palçığa qarşı mübarizə apardıq”-ÖZƏL

16 Fevral 2011 23:20 (UTC+04:00)
""MKT Araz" klubu komanda olaraq çox yaxşı təsir bağışladı. Bizim komandamız da oyuna yaxşı hazırlaşmışdı". Bu sözləri "Şuşa" klubunun idman direktoru Mehmet Kayrım siasport.az saytına "MKT Araz"la oyun barədə açıqlamasında deyib. O, "Ədliyyə" stadionunun ot örtüyünün bərbad halda olduğunu bildirib: "Biz "MKT Araz"a qarşı deyil, palçığa qarşı mübarizə apardıq. "Ədliyyə" stadionu bərbad gündədir, ot örtüyü tamamilə yararsız haldadır. Allaha şükür ki, futbolçularımız zədələnmədilər". İdman direktoru artıq klub prezidentinin "Şəfa" stadionunun rəhbərliyi ilə danışıqlar apardığını, bundan sonra komandanın ev oyunlarını məhz "Şəfa"da keçirəcəyini deyib: "Biz onsuz da bütün məşqlərimizi "Şəfa" stadionunda keçiririk. Məşqlər stadionun ikinci meydanında baş tutur. Ev oyunlarımızı isə dördüncü meydanda keçirəcəyik". O, növbəti oyununda "Energetik"dən üç xal alacaqlarını qeyd edib. İdman direktoru qrupdakı bütün komandaların güclü olduğunu, baş məşqçinin "Energetik"in oyununu izlədiyini, zəif yerlərini müəyyənləşdirdiyini bildirib.