Dədə Qorqud yadigarı, qədim ozan, aşıq sənətinin inkşafı istiqamətində ölkədə dövlət səviyyəsində mühüm işlər həyata keçirilir. Buna baxmayraq bəzi bölgələrdə qədim ozan sənətinə biganə münasibət göstərilir. Daha dəqiq desək indi Gəncə aşıq məktəbinin ənənələri itmək təhlükəsi ilə üzləşib. Bütün bunları biz yox, illərini bu sənətə həsr edən Gəncə Aşıqlar Birliyinin nümayəndələri bildirir.
Gəncə Aşıqlar Birliyinin sədri aşıq Mayisin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda sözügedən birliyə nəinki bina, heç otaq da ayrılmayıb. Uzun illər şəhərin qədim Karvansaray tarixi binasında yerləşən aşıqlar oradan çıxarılaraq köhnə, yararsız bir otağa yerləşdirilib. Birliyin yerində isə Turizm Mərkəzi yaradılıb. Bu da son deyil. Belə ki, üç gün öncə binanın restavrasiyası əsas gətirilərək, elə köhnə otaqlardan da çıxmaq barədə göstəriş verilib. Əvəzində isə heç bir yer verilməyib. Uzun sözün qısası, Gəncə aşıqları indi binasız qalıb. Burada qorunan tarixi sənədlər isə aşıqların evində saxlanılır.
"Bizə yer vermirlər. Köhnə iki otaq vermişdilər. Bu otaqların da heç elektrik enerjisi belə yox idi. Sonradan oranı da əlimizdən aldılar. 7 rayonun saz-söz ustadlarının yığıldığı Gəncə Aşıqlar Birliyinə Gəncədə yer tapılmır", Birliyin sədri deyib.
Məsələ ilə bağlı Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın mövqeyini öyrənə bilmədik. Səbəb idarə rəisinin bu mövzuda danışmaq istəməməsi oldu. Görünür Mina Məlikovanın deməyə sözü olmadığından suallarımızdan da yayındı. Hələ ki, yurdsuz qalan Gəncə aşıqlarına yer verən tapılmır. Bu isə qədim sənətə göstərilən laqeyidliklə yanaşı, Dədə Qorqud yadigarına da hörmətsizlikdir.