Eyyub Hüseynov: “Şişirdilmiş mövcud qiymətləri 6% azaltmağa nail olacağıq” - AÇIQLAMA

16 Fevral 2011 01:40 (UTC+04:00)
"Cənab prezidentin yanvarın 14-də Nazirlər Kabinetinin iclasındakı çıxışı bizim üçün əsas oldu. Dövlət başçısı qeyd etdi ki, şişirdilmiş qiymətlərin qarşısı alınmalı, bazara nəzarət gücləndirilməli, təşkilatlar isə bu məsələdə mühüm rol oynamalıdır". Bu barədə SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövcud qərarların vəziyyətə nə dərəcədə təsir göstərəcəyinə münasibət bildirərkən deyib. O bildirib ki, bundan sonra Beynəlxalq Avrasiya Fonduna "İnflasiyanın azaldılmasında istehlakçıların kollektiv məsuliyyətinin azaldılması" adlı layihə təqdim edilib. Layihənin 2 mərhələdən keçdiyini deyən E.Hüseynov qeyd edib ki, bunun vasitəsilə 8 ay ərzində prezidentin bu tapşırıqlarına geniş ictimai dəstək veriləcək.

"Düşünürəm ki, bunun nəticəsində şişirdilmiş mövcud qiymətləri 6% azaltmağa nail olacağıq. Malların qiymətlərində verilmiş rüşvətlər otuzdurulur. Biz çalışacağıq ki, biznesmenlər rüşvət verməsin, malların qiyməti aşağı düşsün və bununla da prezidentin fikirlərinə ictimai dəstək olaq. Layihə çərçivəsində böyük kampaniyalar keçiriləcək, bu barədə bukletlər yayılacaq. Biznesmelərə də öyrədəcəyik ki, hansı yollarla rüşvətdən kənar olsunlar ki, bu, malların qiymətinə təsir etməsin", - deyə o əlavə edib.

Birliyin sədri qeyd edib ki, prezidentin bu tapşırıqlarından sonra qiymətlərdə azalmalar müşahidə olunur: "Bu gün isteklahçı mənə bildirib ki, qatlaşdırılmış südü 1 manat əvəvzinə 80 qəpiyə alıb, digəri isə şokolad yağını 20 qəpik ucuz qiymətə əldə edib. Bu da onu deməyə əsas verir ki, cənab prezidentin tapşırıqları həyatda öz əksini tapır və bu işdə biz də ona böyük dəstək olacağıq".