Aclıq və səfalət içində olan Ermənistan vətəndaşlarının durumu günbəgün ağırlaşır. Artıq qeyri-hökumət təşkilatları, o cümlədən iqtisadçılar "SOS" siqnalı verirlər. Ekspertlərin qənaətinə görə, cari ildə əhalinin pul gəlirləri kəskin şəkildə aşağı düşəcək ki, bu da faciəvi xarakter ala bilər. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddindən aşağı yaşayır ki, bu da faciəli durumdur.
Mərkəzi Bank: "Bahalaşma davam edəcək"
Artıq ölkədə ərzağın bahalaşması prosesi başlayıb. Ermənistan bazarlarında bir neçə gün öncə bitki yağının qiymətindəki artımdan sonra kərə yağı ilə bağlı da eyni hal müşahidə olunur. Digər gündəlik təlabat mallarının da qiyməti artır. Ermənistan Mərkəzi Bankı bu ilin ilk 6 ayında ölkə ərazisində qiymət artımının davam edəcəyini açıqlayıb. Erməni mediasının verdiyi məlumata görə, qurum bu ilin ilk rübündə inflyasiyanın 10, ikinci rübdə isə 9,5% təşkil edəcəyini bildirib. Demək bu ilin ilk rübündə qiymət artımı ötən ilin anoloji dövrü ilə müqayisədə 10% çox olacaq. Mərkəzi Bankın nümayəndəsi Artur Stepanyan gözlənilən inflyasiyanı ötən il kənd təsərrüfatı məhsullarının qiymətindəki "görünməmiş artım" və dünya bazarlarında əsas ərzaq məhsulları və xammalın qiymətinin artması ilə əsaslandırıb.
Amma bu da son deyil. Stepanyan bildirib ki, ölkədə qazın qiyməti artarsa, inflyasiya daha da yüksələcək: "Qazın qiyməti rəsmən artırılsa, biz proqnozumuzu dəyişdirməli olacağıq. Bu zaman inflyasiya ilə bağlı daha böyük rəqəmlərdən danışmalı olacağıq". Xatırladaq ki, Rusiyanın "Qazprom" şirkəti yaxın vaxtlarda Ermənistana "mavi yanacağ"ın bazar qiymətlərinə uyğun satılacağını bəyan edib.
"Aldığımız pulun hamısını dövlətə qaytarırıq"
Milli.Az xəbər portalının "Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, pensiyalar, müavinətlar və maaşların gecikməsilə əlaqədar olaraq xeyli sakin elektrik enerjisindən məhrum olub. Əhali müvafiq qurumlara müraciət edərək ödənişin gecikməsinə görə işığın kəsilməməsini istəsə də onların bu xahişi rədd edilib. Üstəlik, bir sıra sakinlər elektrik enerjisinə olan borcunu ödəmək üçün alacağı əməkhaqqı və ya pensiyanın üzərinə əlavə pul da qoymalıdır. "Dövlətdən aldığımız pulu heç yerə xərcləyə bilmirik. Son qəpiyinədək yenidən dövlətə qaytarırıq", - deyə sakinlərdən biri bildirir. Bu arada ölkə paytaxtında etiraz aksiyaları səngimir.
Yerevanın yeni merinin küçə ticarətini qadağan etməsinə qarşı çıxan ticarətçilər "Biabırçılıq!", "Biz acıq!" kimi şüarlar səsləndirib. Aksiya iştirakçılarından olan Sovinar Tonoyan deyir: "Küçə ticarətinə imkan verməsələr, başqa ölkəyə köçəcəyəm. Köçəryan gəldi və deportasiya başladı. 10 il yaşadığım Polşadan məni bura gətirdilər. Ev kirayəsi ödəyirəm. Gül satırdım… indi işsiz necə olacaq?"
Azyaşlı erməni qızları fahişəliyə qurşanıb
"Wikileaks" saytında Ermənistanla bağlı etik normalardan kənar yeni sənədlər dərc olunub. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, sənədlərdə amerikalı diplomatlar Ermənistanda fahişəlik "sənəti"nin cavanlaşdığını bildiriblər. Saytda dərc edilən sənədlərə görə, Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evans bildirib ki, cinsi istismara məruz qalan qızların yaş həddi artıq 11-12 yaşa çatıb. "İşsizlik ucbatında daha çox ailələr yetkinlik yaşına çatmayan qızlarını pul qazanmaq üçün Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə yollayırlar. Lakin ölkə hakimiyyəti insan ticarətində heç bir problem görmür".
"Wikileaks"in dərc etdiyi sənədlərə görə, yetkinlik yaşına çatmayanların alveri daha ciddi problemdir. Belə ki, bu peşə ilə məşğul olmaq üçün Türkiyəyə yola düşən erməni qadınları bu işlə daha çox maddi ehtiyacdan məşğul olurlar. Ölkədə yoluxucu xəstəliklər də sürətlə artır. Erməni onkoloq Qaqik Bazikyanımn sözlərinə görə, Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayında hər il 2-3% artım müşahidə olunur. 2009-cu ildə ölkədə 7656 xərçəng xəstəsi qeydə alınıb, onların 5000-dən artığı dünyasını dəyişib",- deyən onkoloq qeyd edib ki, ən çox rast gəlinən ağciyər xərçəngidir.
Beynəlxalq təşkilatlar Ermənistanda QİÇS və vərəm xəstəliyinin də tüğyan etdiyini bildirirlər. Həmçinin, müxtəlif ağır xəstəliklərin artması müşahidə olunur. Ermənilərin çoxu gəlirlərinin önəmli hissəsini səhiyyə xərclərinə sərf edirlər.
Ermənistanda sosial qiyam üçün şərait yetişib
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2010-cu ildə ölkədə istehlak qiymətləri düz 10,6% artıb. "Regnum" agentliyinin məlumatına görə, bu dövrdə demək olar ki, bütün ərzaq məhsullarının qiymətində bahalaşma olub: yeyinti, içki, siqaret, benzin, dizel yanacağı, xidmətlər və sair. Ən ciddi bahalaşma isə qida məhsullarında qeydə alınıb. Bu ilin yanvarında da bahalaşma müşahidə olunub. Ötən ilin dekabrı ilə müqayisədə 2011-ci ilin yanvarında Ermənistanda yumurta, meyvə-tərəvəz, xüsusilə kələm və kartofun qiymətində bahalaşma var.
Yerli sakinlər bahalaşmadan ciddi narahatlıq keçirdiklərini bildirirlər. Onlardan biri bildirib ki, bu, "ermənilərin ölkəni tərk etməsinə yönəlmiş xüsusi siyasətdir". Müxalifətçi Erməni Milli Konqresinin (EMK) iqtisadi komitəsinin üzvü Vaaqn Xaçatryan isə baş verənlərin ilk növbədə monopoliyanın nəticəsi olduğunu bildirir: "Hazırda Ermənistanda mövcud olan sistem xalqın çiçəklənməsinə yönəlməyib. Bu sistem bir qrup insanın zənginləşməsinə xidmət edir. İndi ölkədə sosial qiyam üçün bütün şərait var".
Ermənilər azalır: doğum sayı ölüm sayından azdır
"Reqnum" xəbər verir ki, Ermənistsanda doğum tempi kəskin şəkildə aşağı düşüb. 2010-cu ildə Ermənistanda 44810 yeni doğulmuş körpə qeydiyyata alınıb. 2009-cu illə müqayisədə artım 1 % təşkil edib. Bu barədə Ermənistanın Milli Statistika xidmətinin demoqrafiya və qeydiyyat şöbəsinin rəisi Karin Quyumcan xəbər verib. O bildirib ki, ötən ildə doğum artımı azalıb. Belə ki, 2008-ci illə müqayisədə 2009-cu ildə bu artım 7, 8 %-i təşkil edib. 1000 nəfərə təxminən 14 uşaq doğulur.
Erməni sosioloq Aqaron Adibekyan isə xəbərdarlıq edib ki, Ermənistanda doğum göstəricisi çox aşağıdır və bu o deməkdir ki, erməni cəmiyyəti qocalır. "Dünyada orta doğum göstəricisi hər 1000 nəfərə 20-dir. Hər 3-4 qadın 5 uşaq doğmalıdır, bizdə isə hər 3 qadın 2 uşaq dünyaya gətirir". Bunun isə sosioloq evlənmə yaşının qocalması ilə əlaqələndirib: "Neçə ki, bizim evlənən qızlarımız 3, oğlanlar isə 7 yaş "qocalıb", yaşlı cütlükdən uşaq gözləmək çətin məsələdir".
Göründüyü kimi, Azərbaycan torpaqlarının işğalı Ermənistan, erməni xalqı üçün dəhşətli dərəcədə baha başa gəlib. Başqa sözlə, müharibədəki müvəqqəti üstünlüklərinin "Pirr qələbəsi" olduğunu anlayan ermənilər çıxış yolu axtaıırlar. Azərbaycanda isə "tövbə qapısı" açıdır...