Musa Quliyev: “Amerika ancaq öz vətəndaşlarına xəbərdarlıq edir, belə çıxır ki, Azərbaycan vətəndaşları ikinci növ insanlardır”-MÜSAHİBƏ

15 Fevral 2011 03:29 (UTC+04:00)

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin SİA-ya müsahibəsi:

- İranın "Səhər" telekanalında Azərbaycana qarşı yayımlanan verilişlərə münasibətiniz necədir?

- Ümumiyyətlə, "Səhər" telekanalı tək indi deyil, fəaliyyət göstərdiyi vaxtdan Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldur. Bu təbliğatı da çox mədəniyyətsiz şəkildə aparır. Bütövlükdə Azərbaycan xalqını, dövlətini, mədəniyyətini təhqir etməkdən çəkinməyib. Hə halda hər kəs öz mədəniyyət səviyyəsindən çıxış edir və hər kəsin dediyi sözlər onun ümumi əxlaqını nümayiş etdirir. Təbii ki, İranın "Səhər" telekanalında Azərbaycan barəsində deyilən sözlərin heç biri həqiqətə uyğun deyil. Azərbaycanda gedən inkişaf, dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesi görünür, "Səhər" kanalını və onun sahiblərini narahat edir. Əksinə onlar normal düşünsələr öz qonşularında güclü, sivil, demokratik bir dövlətin olduğundan qurur duyarlar və bu dövlətin inkişaf yolunda bəhs edən filmlər nümayiş etdirərlər. Amma təəssüflər olsun ki, İranda bəzi dairələr özlərinin imperiya ambisiyalarından, yoxsa dar düşüncədən çıxış edərək Azərbaycanın qüdrətlənməsini zaman-zaman pisləmək üçün belə fikirlər söyləyirlər. Düşünürəm ki, son vaxtlar bu məsələnin kəskinləşməsi Azərbaycanda guya ki, hicab qadağasının olması, insan haqlarının pozulması ilə bağlı bəyanatların səsləndirilməsidir. Əslində bu narazılıqların səsələndirilməsi ikiüzlü siyasətdən başqa heç nə deyil. Azərbaycan dünyəvi və demokratik bir dövlətdir. Eyni zamanda Azərbaycanda yaşayan hər bir vətəndaş öz fikirlərini azad şəkildə bildirmək, o cümlədən öz etiqadlarını azad ifadə etmək hüququna malikdir. Hər bir Azərbaycan vətəndaşı hansı dinə xidmət etməyi özü seçir və hansı formada geyinməyi də özü seçir. Hicab bağlamağı və yaxud şalvar geyinməyi özü seçir və bunu heç kimə aidiyyatı yoxdur. İkinci tərəfdən isə əgər İran dövlətində müəyyən insanların guya ki, Azərbaycanda insan haqlarının pozulması narahat edirsə, onların ən azı bir milyon azərbaycanlının hüququnun 20 ildən çoxdur ki, ermənilər tərəfindən pozulması da narahat etməlidir. Daha İran dövlətindəki, bəzi adamlar özlərini islam dininin daşıyıcıları hesab edirlər və islam həmrəyliyindən, müsəlman qardaşlığından danışırlar. Amma onların müsəlman qardaş-bacılarını 20 ildən artıq didərgin və qaçqın vəziyyətdə qoyan, hərbi xunta şəraitində yaşayan Ermənistan dövlətinə də qucaq açırlar və əməkdaşlıqdan danışırlar. Bu hərəkətləri ilə İran işğalçı Ermənistana özlərini cəzasız və rahat hiss etmələri üçün şərait yaradırlar. Mən düşünürəm ki, bunlar qonşuluq, islam və siyasi etikaya sığmır. Amma hər halda Azərbaycan bir dövlət olaraq İranı özünə qonşu hesab edir və bu dövlətin daxili işinə qarışmır. Çox arzu edərdik ki, İranda bəzi dairələr eyni addımı atardılar və müstəqil Azərbaycanın daxili işlərinə qarışmazdılar. "Səhər" telekanalına gəldikcə isə onlar nə qədər belə verlişlər versələr də özlərini gözdən salacaqlar və o qədərdə özlərinin mənəviyyatsızlıqlarını göstərəcəklər. Əslində nə bu kanala, nədə ki kanalın verilişlərinə heç kəs ciddi yanaşmır.

- Məlum hadisələrdən sonra rəsmi Bakı İranla münasibətlərinə yenidən baxa bilərmi?

- Parlamentdə və insanlar arasında bu mövzu il əlaqədar deyilən sözlər ictimai fikrin müəyyən şəkildə ifadəsidir. Bizim dövlətlərimiz arasında dostluq və qonşuluq münasibətlərimiz var. Tarixi əlaqələrimiz bizim qədimdir və İranla Azərbaycanı olduqca müxtəlif bağlar bir-birinə bağlayır. Mən hesab etmirəm ki, İran tərəfindən hansısa qüvvələrin təhriki ilə İran kimi təcrübəli bir dövlət Azərbaycanla özünün ən yaxın qonşusu və tərəfdaşı ola biləcək bir dövlətlə münasibətləri korlasın. Hər halda seçim qarşısına gələrsə, Azərbaycan və ya Ermənistan -ikisindən birini seçmək lazım olarsa, istənilən ağıllı dövlət Azərbaycanı seçər. Çünki Ermənistandan çox Azərbaycanın perspektivi var. İranda kifayət qədər dövlətçilik təcrübəsinə malik olan qədim bir dövlətdir və İran tərəfindən dövlət səviyyəsində Azərbaycanla münasibətlərin korlanacağı barəsində addım atacağını gözləmirəm. Amma hər halda xalqların müəyyən emosiyaları var və bu da zaman-zaman özünü göstərir. " Səhər" kanalının və ya başqa hansısa qüvvələrin təhriki ilə İran-Azərbaycan münasibətlərinin pozulacağını inanmıram. Amma yaxşı olardı ki, İran tərəfi təcrübəli diplomatiyasını daha şəffaf həyata keçirilməsinə çalışsın və mövqelərini aydınlaşdırsın. Yəni İran islam dövləti olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyırsa biz bunu alqışlayırıq. Amma Ermənistanı işğalçı kimi tanıdığı halda həmin dövlətə əlverişli şərait yaratmaq üçün əməkdaşlıq edirsə, biz artıq bunu anlamırıq. Ya işğalçı kimi tanıdığı dövlətə müəyyən sanksiyalar tətbiq etməli, ya heç olmasa neytral mövqedə qalmalı, ya da Ermənistanı işğalçı kimi tanıyan dövlətlər siyahısından özünü çıxarmalıdır.

- ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar bir dəfə xəbərdar edib. İkinci dəfə bu xəbərdarlığı arxasında nə dayanır?

- Əsllində mən Amerikanın niyyətini, nə də ki Azərbaycanda terror təhlükəsi gözləməklə bağlı xəbərdarlıqların mahiyyətini anlamıram. Amerika-Azərbaycan arasında çox sıx diplomatik əlaqələri var. Azərbaycanın Amerikada səfirliyi və konsulluğu fəaliyyət göstərir. İqtisadi, təhlükəsizlik sahəsində strateji əməkdaşıq. Bu məsələlərdə Azərbaycan ABŞ-ı, ABŞ isə Azərbaycanı açıq şəkildə dəstəkləyir. Belə olan bir halda Azərbaycan dövlət orqanlarını məlumatlandırmamaq və yaxud da gözlənilən terror təhlükəsini haradan olmasını açıqlamaq və mətbuat vasitəsi ilə öz vətəndaşlarına xəbərdarlıq etmək bu hər halda bizim tərəfimizdən anlaşılan bir məsələ deyil. Azərbaycan Birləşmiş Ştatlarla hələ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra öz həmrəyliyini göstərib. Bunu dəfələrlə İraqda, Əfqanıstanda bunu sübut edib. Amma eyni zamanda Azərbaycan özü terrora məruz qalan bir ölkədir. 1988-ci ildən Ermənistan tərəfindən azərbaycanlılara qarşı erməni terrorizmi özünü müxtəlif şəkildə göstərib. Ancaq ABŞ-ın düşündüyü terror təhlükəsi ilə xəbərdarlığı bizim üçün bəlli deyil. Yaxşı olardı ki, Amerikanın dövlət departamenti ya həmin hüquq mühafizə orqanı və ya səfirlik vasitəsi ilə Azərbaycan dövlətinə bui xəbərlə bağlı geniş məlumat verərdi. Yoxsa Amerika ancaq öz vətəndaşlarını xəbərdarlıq edirsə, belə çıxır ki, Azərbaycan vətəndaşları ikinci növ insanlardır. Bu da hər halda anlaşılan bir məsələ deyil. Düşünürəm ki, Azərbaycanın milli təhlükəsizlik orqanları, hüququ mühafizə orqanları daima bu terrorun və ya hər hansı bir müdaxilənin qarşısını almaq üçün daima ayıq vəziyyətdədir. Bu mənada mən düşünmürəm ki, yaxın vaxtlarda hansısa ciddi hadisə ola bilər. Hətta belə bir məlumat varsa, Amerika bir tərəfdaş dövlət kimi bizi məlumatlandırmalıdır.