Leykemiyalı uşaqların valideynləri bəyannamə qəbul etdi
15 Fevral 2011 03:07 (UTC+04:00)
Leykemiyalı uşaqların valideynləri tərəfindən 15 fevral xərçəngə tutulmuş uşaqların Beynəlxalq Günü münasibətilə bəyannamə qəbul edilib. Bu barədə SİA-ya "Leykemiya ilə mübarizə" İB–nin direktoru Mehriban Bağırova məlumat verib. Birlik direktoru vurğulayıb ki, valideynlər bəyanatda Azərbaycan Hökumətinin vətəndaşların sağlamlığının keşiyində durmasında, səhiyyənin səviyyəsinin yüksəldilməsində, insan hüquqlarının inkişafında, habelə, vətəndaşların ictimai həyatda fəallığının artırılmasında əvəzsiz rolunu vurğulayıblar.
O bildirib ki, onlar həmçinin gələcəyimiz olan uşaqların sağlamlığı üçün davamlı inkişafını, mütəxəssislərin səhiyyə sahəsində qabaqcıl təcrübənin əldə edilməsini, milli kadrların beynəlxalq koalisiyalarda iştirakını və dünya ictimai məkanında özünəməxsus yer tutmasında beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, xəstələr və həkimlər arasında münasibətlərin qurulması, leykemiyanın təşviqi, xəstə vətəndaşların müalicəsinin təkmillaşməsini və bu sahədə qabaqcıl ölkələrin nümunəvi təcrübəsindən faydalanmağın vacibliyini bildiriblər. M.Bağırovanın sözlərinə görə, valideynlər beynəlxalq təcrübə və kriteriyaları əsas prioritetlərindən biri hesab edərək leykemiyanın müalicəsinin inkişafına dair münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsi, xarici təcrübəsinin öyrənilməsi, qarşılıqlı informasiya və təcrübə mübadiləsi məqsədilə mütəxəssislərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin, mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, dərman preparatlarının təchizatı, Uşaq Hematoloji mərkəzinin, müalicədən sonra reabilitasiya sisteminin yaradılması barədə razılıq əldə etdiklərini bəyan ediblər. İctimai birlik sədrinin sözlərinə görə, onlar həmçinin bu sahədə qazanılmış ən yaxşı beynəlxalq təcrübənin yayılması, inkişaf etmiş ölkələrin tibbi mərkəzlərində bu sahədə çalışan mütəxəssislərin sümük iliyinin köçürülməsində birgə iştirakçılığın təmin olunması, leykemiya müalicəsinin inkişafı sahəsində qazanılmış təcrübənin və yeni imkanların öyrənilməsi üçün konfransların yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.