Paytaxt Bakı inkişaf yolundadır

24 İyul 2019 19:26 (UTC+04:00)

Dünya mətbuatı Küləklər şəhərindən yazır: 20 il əvvəlki və müasir Bakı

Dünyanın iri şəhərləri, xüsusilə, paytaxt şəhərlər məxsus olduqları dövlətlərin, bütövlükdə, siyasi-iqtisadi və tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də, şəhərsalma mədəniyyətini özündə əks etdirir. Azərbaycanın paytaxtı Küləklər şəhəri Bakı da, yüz illər ərzində, formalaşan qədim Şərq və müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb.

Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb.

"BAKIYA TƏKRAR SƏFƏR"

Bu uğurlu inkişaf şəhərimizin qonağı olan hər kəsin diqqətini cəlb edir. Beynəlxalq tədbirlər məkanı olan Bakıda bu günlərdə keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının iştirakçısı -Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin Bakıya 20 il əvvəlki və indiki səfəri barədə "Times of Malta" qəzetində məqalə dərc etdirib. 20 il əvvəl, o, UNESKO-nun eksperti kimi Bakının tarixi hissəsinin - İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESKO-nun Dünya İrs Siyahısına salınması prosesində iştirak etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı İCOMOS-un hesabatını hazırlamışdı.

Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Dünya İrs Komitəsinin sessiyasında iştirakı ilə bağlı təəssüratını qələmə alıb. "Bakıya təkrar səfər" adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq, deyir ki, o vaxt şəhərin tarixi hissəsini

"xilas etmək" üçün gəlmişdi: "20 il əvvəl ilk dəfə Bakıya gələndə, Qız Qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə düşməli oldum..." deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığını belə ifadə edir. Bu dəfə isə 2 mindən çox insanın iştirak etdiyi UNESKO Dünya İrs Komitəsinin illik toplantısına gəldiyini vurğulayan Rey Bondin şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi olduğunu yazır.

NEFTÇIXARMA QURĞULARI İLƏ DOLU SAHİLLƏRİ XATIRLAYIRAM: BU GÜN İSƏ BURA TANIDIĞIM ƏN GÖZƏL SAHİLLƏRDƏN BİRİDİR

20 il əvvəl gördükləri ilə müasir Bakını müqayisə edən müəllif qeyd edir ki, o vaxtdan bəri və belə bir qısa müddət ərzində, Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib: "Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var".

Əlbəttə ki, qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə, Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərindəki ən hündür bina olan "Alov Qüllələri" Kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də, Xalça Muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər qədim tarixə tikililər Bakının simasına müasirlik gətirib.

Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə, Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng qatıb. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.

Bakı Bulvarında bərpa edilən "Qu quşları" Fəvvarə Kompleksi də paytaxtımızın əzəmətinə və görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu Quşları"

Fəvvarə Kompleksi 60 ildən artıq tarixə malikdir. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin müvafiq olaraq, "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq, yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirdi. İndi şəhərimizin sakinləri və buraya üz tütan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək, Qədim və Müasir Bakının gözəlliklərinə və hüsnünə heyran qalırlar.

"...BAKI PARKLARIN SAYINA GÖRƏ DÜNYADA LİDER ŞƏHƏRLƏRDƏN BİRİDİR"

Bu yaxınlarda Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan "Neftçilər" Parkı sakinlərin ixtiyarına verildi. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində parkda yenidənqurma işləri aparılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində Mədəniyyət və İstirahət Parkı yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın da istifadəyə verilməsi açılışı görülən işlərin davamıdır. Prezident İlham Əliyevin birbaşa göstərişinə uyğun olaraq, "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işləri aparılıb. Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılararaq, burada müasir tələblərə uyğun yeni İstirahət Parkı salınıb. Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəz Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanı yaradılmasıdır. Görülən işlər çərçivəsində parkın ərazisində, ümumilikdə, 9 fəvvarə tikilib. Cənab İlham Əliyev, bildirdiyi kimi, parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən, qəsəbələrdə: "Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir".

Həqiqətən də, paytaxt Bakı inkişafının yeni dövrünü yaşayır və şəhərimizin gözəlliyinə yeni gözəlliklər qatılır. Elə müəllifi də belə məqalə yazmağa sövq edən bu gözəllik və bu inkişafdır.

Müəllif 20 il əvvəlki hava limanını xatırlayaraq, indi burada müasir dizaynlı böyük beynəlxalq aeroport terminalının inşa edildiyini, şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu diqqətə çatdırır. Vurğulamaq yerinə düşər ki, son illərdə, Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtımızın simasına daha bir rəngarənglik əlavə edib. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.

"AZƏRBAYCAN MÜSƏLMAN ÖLKƏSİDİR, ÇOX SAKİTDİR, DİNİ ZƏMİNDƏ GƏRGİNLİK YOXDUR"

O, daha sonra yazır ki, azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər, Bakının İçərişəhərində, digər UNESKO abidələri kimi, hədiyyə və suvenir mağazaları çox olsa da, hər şey zövqlə görülüb: "Azərbaycan müsəlman ölkəsidir, çox sakitdir, dini zəmində gərginlik yoxdur. Xristian kilsələri var. Mülayim iqlimi və təhlükəsizliyi səbəbindən, Bakı şəhəri, xüsusən, Yaxın Şərqdən gələn həm müsəlmanlar, həm də yəhudilər üçün yeni bir turistik məkana çevrilib. Restoranlar çoxdur, qiymətləri də münasibdir...".

Rey Bondin onu da qeyd edir ki, azərbaycanlılar beynəlxalq konfranslar, "Eurovision", BMT toplantıları və "Formula-1" kimi böyük tədbirlərə ev sahibliyi etməkdən qürur duyurlar. Bakı Azərbaycanın iri şəhəridir, görməli yerlər çoxdur, ölkənin möhtəşəm mənzərələri və çox sayda irs abidələri var. Sonda müəllif bir daha 20 il öncəyə qayıdaraq, o vaxt Bakıda olduğu ofisin döşəməsindəki qızdırıcı plitəni xatırlayır: "O vaxtdan bəri hər şey dəyişib. Bu gün buradakı ofisdən müasir ofis ola bilməz".

Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması davam edir. Yeni salınan parklar Bakının simasının, daha da gözəlləşməsi baxımından, mühüm rol oynayır. Bu istiqamətdə görülən işlər bu gün Bakı sakinlərinin tam rahatlığını və istirahətin təmin edir. Belə ki, əhalinin mənəvi və estetik tələbatı ödənilir, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramları, konsertləri və s. təşkil olunur.

Bu reallıqlar və gördüklərimiz Bakını dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.

Zümrüd BAYRAMOVA