Xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlər nəşr olunub

14 Fevral 2011 23:44 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2011/2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlər çap edilib.

Qurumdan SİA-ya verilən xəbərə görə, bu vəsaitlər TQDK-nın əməkdaşları və Komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanmış və aşağıdakı istiqamətlərə uyğun olaraq 5 kitabçada nəşr edilib:

1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman.

Vəsaitlərdə ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, bu ixtisaslar üzrə seçmə turların şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, seçmə turlara və imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar öz əksini tapıb.