Leykozlu xəstələrin valideynləri mövcud problemlərin həlli üçün dəstək gözləyir - TƏDBİR

14 Fevral 2011 23:40 (UTC+04:00)
Bu gün "Leykemiya ilə mübarizə" İB xərçəngə tutulmuş uşaqların Beynəlxalq günü ilə bağlı tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ictimai birliyin sədri Mehriban Bağırova bildirib ki, bu gün problemin həllinə ictimaiyyətin və dövlət strukturlarının diqqətini cəlb etmək üçün dünyanın 120-dən çox ölkəsində qeyd olunur. Onun sözlərinə görə, Azərbaycanda 15 fevral-xərçəng tutulmuş uşaqların Beynəlxalq günü kimi ilk dəfə ictimai birliklərinin nümayəndələri ilə keçirilir.

"Leykemiya qan xərçəngi deməkdir. Leykemiya hökm deyil və inkişaf etmiş ölkələrdə leykozlu uşaqların sağalma ehtimalı 95%-dir. Hazırda "Leykemiya ilə mübarizə" ictimai birliyinin qeydiyyatında olan 192 nəfər uşaq bu xəstəlikdən əziyyət çəkir. Bunlardan 141-i 1-6 yaş, 51-i isə 7-14 yaş arası uşaqlardır. Xərçəngə tutulmuş uşaqların taleyi ilə nəinki onların valideynləri və ailə üzvləri, habelə bütövlükdə ictimaiyyətin ayrı-ayrı üzvləri maraqlanırlar. Dərman preparatlarının alınmasında, xaricdə müalicənin təminində, kommunal problemlərinin həllində 58 uşağa internet vasitəsilə 30-a yaxın vətəndaşlar maddi yardım göstərib. Azərbaycanda səhiyyə sahəsində mühüm işlər görülürsə də leykemiya problemi nədənsə kənarda qalıb. Hazırda uşaqlar Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Uşaq şöbəsində müalicə alır ki, burada da yaradılan şərait qaneedici deyil. Leykozlu uşaqların müalicəsi üçün Uşaq Hemotologiya Mərkəzi yaradılmalı, xəstələrin sonraki mərhələdə reabilitasiyası təşkil olunmalı, leykozlu uşaqların müalicəsi üçün münbit şərait yaradılmalıdır. Ancaq inanırıq ki, bu istiqamətdə lazımi işlər görüləcək və mövcud problemlər tez bir zamanda öz həllini tapacaq", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib ki, leykomiya haqqında Azərbaycanda geniş məlumatlar verilməli və bu barədə informasiyalar ictimaiyyətə çatdırılmalıdır: "Artıq bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, ictimai birliyin tərkibində leykozlu uşaqların məlumat bankı yaradılıb. Məlumat bankı mütəmadi olaraq təzələnir. Müəyyən maarifləndirmə işləri aparılır. Ötən il uşaqlar üçün yay sağlamlıq düşərgələri təşkil olunub. Bundan sonra leykozlu uşaqların vəziyyəti yaxşılaşıb. Bu işlər davamlı və dayanıqlı olmalıdır. Bu sahədə mövcud olan problemlərin həllinə nail olmaq üçün birgə şəkildə həll yolları tapılmalı və dövlət tərəfindən bu sahəyə dəstək verilməlidir".

Tədbirin davamında leykemiya xəstəliyi haqqında valideynlər öz fikirlərini bölüşüb və qarşılaşdıqları problemlər barədə ətraflı məlumat verib. Onlar bildiriblər ki, xəstələr üçün xəstaxana şəraiti yaxşı deyil, dərmanlar dövlət tərəfindən ayrılsa da bütün dərmanlar valideynlərə pulla satılır.

Valideyn Məmmədrazayeva Mətanət

Oğlum Həmidin 12 yaşı var. 3 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Bizlərə heç bir köməklik yoxdur. Bütün dərmanları özümüz alırıq, hər bir müalicə, yoxlama üçün pul tələb olunur. Hər şeyimi satmışam ki, övladıma kömək edim. Ancaq imkansız ailələr var ki, pulsuzluqdan övladlarını müalicə edə bilmir və bir neçə müddətdən sonra uşağın ölüm xəbərini eşidirik. Bizlərə kömək lazımdır.

Valideyn Əliyeva Aynur

Qızım Əsmərin 3 yaşı var və leykozun yüngül formasından əziyyət çəkir. Xəstəxananın şəraiti heç də yaxşı deyil. Xəstəxanada 10 nəfər 1 palatada olur. Halbuki belə xəstələr üçün 1 palatada 1 uşaq yatmaldır. Övladımı xilas etmək üçün hər şeyi satmışam. Uşağın müalicəsinə 500 manat çatmır, amma bunun ödənməsi üçün heç kimdən kömək yoxdur. Əgər dərmanlar dövlət tərəfindən verilirsə, o zaman həmin dərmanlar niyə bizlərə pulla satılır?

Valideynlərin digərləri də bu və digər problemlərin mövcud olduğundan danışıblar. Onlar bildiriblər ki, bütün problemlərin həll olunması üçün hemofoloji mərkəz yaradılmalı, buraya savadlı həkimlər cəlb olunmalı, xəstəxanada sanitar qaydalara, təmizliyə riayət olunmalı və lazımi dərmanlar pulsuz verilməlidir.