Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə

23 İyul 2019 15:18 (UTC+04:00)

Xalçaçılıq Azərbaycanın milli və mədəni sənətidir. Azərbaycanda xalq yaradıcılığının ulu örnəklərindən, xalçaçılıq sənətinin gözəl nümunələrindən bir də Naxçıvan xalçaları hesab edilir. Burada dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan xalça və xalça məmulatının toxuma ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etdirilib, xalqımızın məişətində və həyatında mühüm rol oynayıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Naxçıvan ərazsində aparılan arxeoloji qazıntıların nəticəsi sübut edir ki, bu ərazinin aborigen sakinləri olan əcdadlarımız hələ qədim zamanlardan toxuculuq, o cümlədən xalçaçılıqla məşğul olub. I Kültəpə ərazisində arxeoloji qazıntılar zamanı Neolit və Eneolit dövrünə aid toxuculuq məmulatların, Tunc dövrünə aid toxuculuq dəzgahlarının tapılması bu sənətin qədimliyindən xəbər verir. Bundan başqa, Ovçulartəpəsində aparılan qazıntılar zamanı toxuculuqda istifadə olunan bizlərin aşkarlanması, habelə Ordubad rayonunda yerləşən Plovdağ, Sumbatan və Xaraba-Gilan ərazisində aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi-mədəniyyət məmulatları arasında parça və xalça qalıqlarına rast gəlinməsi və ərazinin digər yerlərindən tapılan bu cür nümunələr Naxçıvanda xalça sənətinin qədimliyini sübut edən əyani dəlillərdir.

Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçaçılarının da özünəməxsus dəsti-xətti olub. Təsadüfi deyildir ki, XII-XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim və səyyahlar da burada yüksək keyfiyyətli xalçaların toxunduğunu və bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da XVI-XVII əsrlərdə süjetli xalçalar və əsasən ovçuluq səhnələrini əks etdirən xalçalar toxunub ki, bu xalçalardan biri hazırda İngiltərədə, London şəhərinin Viktoriya və Albert muzeyində nümayiş etdirilir.

Tədqiqatçı alimlərin fikrincə, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq ən yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX

əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu (xalı, gəbə, xalça, canamaz) və xovsuz (zili, vərni, şəddə, palaz, kilim) xalça məmulatları istehsal edilib.

9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı və Sərəncamla Tədbirlər Planı təsdiq edildi. Həmin sənəd maddi və mədəni irsin qorunması və davamlı inkişafına qayğının ən bariz nümunəsidir. Əsas məqsəd muxtar respublikada xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sözügedən Sərəncama uyğun təsdiq olunan “Tədbirlər Planı”nda AMEA-nın Naxçıvan Bölməsi əməkdaşlarının da üzərinə bir sıra vəzifələr qoyuldu. Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradıldı. 2018-ci il noyabrın 1-də fəaliyyət başlayan qrupun əsas vəzifəsi Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar elmi cəhətdən və sistemli şəkildə tədqiqatların aparılmasıdır. Ötən müddət ərzində institutun əməkdaşları tərəfindən xalçaçılıq sənəti ilə bağlı bu ərazinin müxtəlif yerlərində yaşlı nəsillərdən ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları öyrənilib, xalçaçılıq, onun yaranması, inkişaf tarixi, xalça toxunuşunda istifadə edilən naxışlar, ornamentlər, boyaqcılıq və sairləri ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlar olub və qəzet materilalları, məqalələr hazırlanıb. Tədqiqat materialları əsasında “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap edilib. AMEA-nın müxbir üzvü Fəxrəddin

Səfərli və “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın həmmüəllifi olduqları nəşrdə xalqımızın qiymətli bədii sənət əsərlərindən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu və bu günkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən xalça sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan Sərəncam xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli milli-mənəvi dəyərlərimizə mühüm töhfədir.

Ümüd edirik ki, “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin sərəncamından irəli gələn vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcək və apardığı tədqiqatları ilə Azərbaycan xalçaçılıq sənəti tariximizin zənginləşməsinə öz mühüm töhfəsini verəcək.