İstirahət üçün hara gedək? ARAŞDIRMA

23 İyul 2019 14:48 (UTC+04:00)

Yay mövsümünün tam olaraq yarısını arxada qoysaq da, istirahətə getmək üçün ata-babalarımızın dediyi kimi “qora bişirən” ayı yəni avqust ayını gözləyənlər az deyil. Bir çoxlarımız iyul ayının sərin keçməsini bəhanə edir, digərlərimiz isə mövsümün son ayında istirahət etməyə üstünlük verdiyimiz üçün qışın yorğunluğunu avqust ayında çıxarmaqda qərarlıyıq. Çünki əksəriyyətimiz üçün istirahət edib, yenidən ofis işinə qayıtmaq perspektivi bir o qədər də xoş gəlmir. Ən pisi isə istirahət üçün hara gedək sualı ilə üz-üzə qalmaqdır.

Bu məqsədlə SİA istirahət etməyi planlaşdıranlar üçün bir neçə turizm şirkətləri arasında aparılan sorğuya əsasən həm xaricdə, həm də daxildə yerləşən və daha çox üz tutulan yerləri, onların qiymətləri haqqında sizləri məlumatlandırmaq qərarına gəlib.

İlk onu qeyd edək ki, hər il olduğu kimi bu il də vətəndaşlarımız istirahət etmək üçün daha çox qardaş ölkə Türkiyəyə üz tuturlar. Belə ki, Türkiyə ərazisində yerləşən kurort zonalar Quş adası, Marmaris, Bodrum, Antalya, Çeşmə-Alaçatı favorit məkanlar olaraq qalır.

“Family” Turizm şirkətinin rəhbəri Fəridə Bəxşəliyeva bildirib ki, mövsüm zamanı istirahət üçün biletlərin qiymətləri digər vaxtlarla müqayisədə nisbətən baha olur: “Bildiyiniz kimi il ərzində yay istirahəti üçün müxtəlif kampaniyalar həyata keçirilir. Sevindiricidir ki, artıq Azərbaycanda da insanlar bu kampaniyalardan istifadə edərək istirahət biletlərini əvvəlcədən almaq şansından daha çox yararlanmağa başlayıblar. Çünki mövsüm zamanı həm biletlərin, həm də gedəcəkləri məkanda otellərin qiyməti daha baha olur”.

Ötən illə müayisədə istirahətə getmək üçün tələbatın xeyli artdığını deyən şirkət rəsmisi söyləyib ki, bu il Gürcüstana istirahətə gedənlərin sayında azlıq müşahidə olunur: “Buna səbəb Gürcüstanda qiymətlərin bahalaşmasıdır. Artıq orada da qiymətlər Türkiyə qiymətlərinə gəlib çatmaqdadır. Ona görə də Gürcüstanda istirahət emək üçün edilən sifarişlərin əksəriyyəti 3 ulduzlu otellər üçün nəzərdə tutulub. Belə ki, yalnız otel qiyməti 2 nəfər üçün 350 dollar təşkil edir. Biletlərin qiyməti isə bir nəfər üçün 300 manat təşkil edir. Bu baxımdan qonşu ölkənin 5 ulduzlu otelində istirahət etmək Türkiyə ilə müqayisədə daha baha başa gəlir”.

F.Baxşəliyeva qeyd edib ki, Türkiyədə 2 nəfər üçün 5 ulduzlu oteldə (8 gün 7 gecə hər şey daxil) istirahət etmək 1700 dollardan başlayır: "İtaliya, Montenoqro, İsveçrə, Portuqaliya, Bolqariya, Yunanıstan və digər Avropa ölkələrində lyüks oteldə (8 gün 7 gecə səhər yeməyi də daxil olmaqla) müxtəlif istəklərdən asılı olaraq istirahət etmək isə 8000 avroya başa gəlir”.

Apardığımız sorğu nəticəsində yaxın qonşu ölkələrə avtobuslarla həyata keçirilən müxtəlif turların olması da nəzərimizdən yayınmadı. Belə ki, istirahətini Batumi də etmək istəyənlər (3 gecə/4 gün) 169 AZN ödəməklə dincəlmək şansı əldə edə bilərlər. 8 gün Antalyada hər şey daxil olmaqla istirahətin qiyməti isə 289,5 günlük İstanbul- Samsun turu 159 dollara başa gəlir.

Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz havaya malik olan Azərbaycanda da istrahətinizi istədiyiniz kimi təşkil edə bilərsiniz. Azərbaycanda Xəzərin sahilboyu ərazilərində, meşələrdə və dağlarda yerləşən istirahət və əyləncə məkanları günəşi, dənizi və qumu, təbiətin qoynunda seyrə çıxmağı və ağacların arasında cığırlarda gəzməyi, şəlalə altında çimməyi və atçılıq turlarını sevənlərə unudulmaz anlar yaşadacaq. Ölkəmizin bir çox turizm bölgələrində xeyli sayda müalicəvi termal və mineral bulaqlar var.

Aradırmamız nəticəsində məlum oldu ki, ölkə ərazisində yayın dadını çıxarmaq istəyənlər daha çox avtobuslarla təşkil olunan günlük turlara üstünlük verirlər.

Belə ki, gün ərzində ölkəmizin müxtəlif bölgələrinə təşkil olunan turlar arasında 2 günlük Qəbələ - Şamaxı - Sakitgöl 79 , Qax- Şəki, Oğuz- Qəbələ turu 73, Mingəçevr- Göygöl 69 AZN, 1 günlük Qəbələ Nohur Göl - Oğuz Xal-Xal 24, Lənkəran - Lerik – Relax 25, Quba turu – 20, Dağ Şəlaləsi - Lahıc turu isə 22 AZN təşkil edir.

Hər kəsə xoş istirahətlər!