Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokuroluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Xanlar Vəliyev qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına yaxşı zəmin yaratdığını vurğulayıb. X.Vəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, terror aksiyaları, hərbi prokurorluq tərəfindən görülən işlərdən də danışıb.
A.Kovaç Azərbaycana səfəri çərçivəsində prokurorluq orqanları arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini bildirib. O, Azərbaycanın hərbi prokurorunu bu ilin sentyabrında Budapeştdə keçiriləcək hərbi cinayət hüququ üzrə X Beynəlxalq konfransa dəvət edib.
Macarıstanın hərbi prokuroru Azərbaycana səfəri çərçivəsində Quba məzarlığında da olub.