Toyqar Alagöz: "Bu festivalın iştirakçıları arasından gələcəyin dünya çempionları çıxacaq"

22 İyul 2019 00:34 (UTC+04:00)

"Əvvəllər də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlarda hakimlik etmişəm. İndi isə “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında hakim kimi iştirak edirəm. Azərbaycanda keçirilən yarışlar mənə xüsusi zövq verir".

Bu sözləri jurnalistlərlə müsahibəsində Beynəlxalq Tennis Federasiyasının türkiyəli hakimi Toyqar Alagöz deyib.

O bildirib ki, beynəlxalq yarışların keçirilməsində Azərbaycanın təcrübəsi böyükdür.

“XV Avropa Gənclər Yay Olimpiya Festivalında ümumilikdə götürdükdə bu yaş qrupunda ilk yüzlükdə olan 20-yə yaxın tennisçi iştirak edir. Yarışın ilk günündə maraqlı qarşılaşmalar oldu. İnanıram ki, bu festivalın iştirakçıları arasından gələcəyin dünya çempionları çıxacaq”, – deyə Toyqar Alagöz qeyd edib.