Çində partlayış nəticəsində azı 12 nəfər ölüb

21 İyul 2019 05:49 (UTC+04:00)

Çinin mərkəzində təbii qaz stansiyasında partlayış nəticəsində ölənlərin sayı 12-ə çatıb.

Yerli Fövqəladə Hallar İdarəsinin məlumatına görə, bundan əlavə 13 nəfər ciddi xəsarət alıb, 3 nəfər isə itkin düşüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirliyin axtarış və xilasetmə işlərinə təxminən 270 yanğınsöndürən və xilasetmə əməkdaşı cəlb olunub.

Çinin dövlət agentliyinin verdiyi məlumata görə, Henan vilayətində Yima şəhərinda baş verən partlayış nəticəsində 3 kilometr uzaqlıqda binaların pəncərələri və qapıları sınıb.

Rəsmi “Sinxua” xəbər agentliyi bildirib ki, partlayış Henan Yima Kömür Qazı Co. Ltd şirkətinin qaz zavodunun hava ayırma bölümündə baş verib. Partlayış qaz çənlərinin olduğu ərazilərdə olmasa da bütün istehsal dayandırılıb.

Xatırladaq ki, Çində mərkəzi hökümətin zavodlarda, elektrik stansiyalarında və mədənlərdə təhlükəsizliyin artırılmasına dair göstərişlərinə baxmayaraq tez-tez sənaye qəzaları baş verir.