Hörmüz boğazında ikinci Britaniya tankeri İran tərəfindən saxlanılıb

20 İyul 2019 02:51 (UTC+04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazında bir deyil, iki Britaniya tankerinin saxlanıldığı güman edilir.

SİA “Reuters”ə istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən “Mesdar” gəmisi Hörmüz boğazına daxil olduqdan sonra qəfildən istiqamətini dəyişib və İrana doğru hərəkət edib.

Bildirilir ki, tanker “Stena Impero” gəmisi SEPAH qüvvələri tərəfindən saxlanıldıqdan 40 dəqiqə sonra eyni marşrut üzrə istiqamətini dəyişib. İran tərəfi hələlik ikinci gəminin saxlanılması barədə rəsmi açıqlama verməyib.

Böyük Britaniya isə Hörmüz boğazında İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən iki gəminin saxlanılmasından çox narahatlıq keçirir.

SİA “Sky News”a istinadən verdiyi xəbərə görə, bu sözləri Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib. O, gəmilərin saxlanılmasının qəbuledilməz olduğunu, onların sərbəst şəkildə hərəkətlərinin təmin edilməsinin vacibliyini bildirib. Britaniya XİN-ın yaydığı bəyanatda gəmidə Britaniya vətəndaşının olmadığı qeyd edilib.

C.Hant Tehrandakı Britaniya səfirinin İran Xarici İşlər Nazirliyi ilə əlaqə qurduğunu və məsələnin həlli üçün çalışıldığını da əlavə edib.