Naxçıvanın enerji təhlükəsizliyi təmin olunub

19 İyul 2019 18:58 (UTC+04:00)

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 72,6 faizini alternativ və bərpa olunan enerji təşkil edib. Ölkənin digər regionlarında isə bu göstərici 8 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib, 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi hazırda davam etdirilir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib, Şərur rayonunda “Subartezian” yarımstansiyasının tikintisi davam etdirilir.

Muxtar respublikada 18,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 9 transformator yarımstansiyası quraşdırılıb.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılıb, Şərur rayonunun Daşarx kəndi ərazisində maye qazdoldurma, Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi davam etdirilir.

1 iyul 2019-cu il tarixə muxtar respublikada 86 min 825 əhali abonenti təbii qazla təmin olunub.

Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.